Bu gün Dövlət Sosial Müdafiə Fondunda (DSMF) kütləvi
informasiya vasitələri üçün "Sığorta-pensiya sistemində şəffaflığın
artırılması etibarlı sosial müdafiənin əsas şərtidir" mövzusunda elan
edilən müsabiqənin nəticələri acıqlanıb. DSMF-in İctimaiyyətlə əlaqələr
sektorundan ANS PRESS-ə verilən məlumata görə, bu məqsədlə keçirilən
tədbirdə bildirilib ki, müsabiqə prezident İlham Əliyevin təsdiq etdiyi
"2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya
sisteminin inkişafına dair Dövlət Proqramı"nın 2.36-cı bəndinə
(sığorta-pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədi ilə
kütləvi informasiya vasitələrindən istifadə olunmaqla müvafiq
tədbirlərin görülməsi) uyğun olaraq keçirilib. Müsabiqəyə həm
televiziyalar, həm də qəzetlər böyük maraq nümayiş etdiriblər.
20 fevral 2011-ci il tarixdən 1 aprel 2011-ci il tarixə kimi davam edən
müsabiqəyə sığorta-pensiya sistemində şəffaflığın təmin olunmasına
xidmət edən islahatların, xüsusilə avtomatlaşdırılmış pensiya təyinatına
keçidin təmin olunması, sığortaolunanların fərdi şəxsi hesablarında
toplanmış məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə müasir
məlumatlandırma sisteminin yaradılması məqsədilə həyata keçirilən
tədbirlərin, informasiya texnologiyaları vasitəsilə əhali üçün yaradılan
xidmət növlərinin səmərəliliyinin və qeyd olunan mövzuda digər
məsələlərin əksini tapdığı analitik məqalələr televiziyada göstərilmiş
telesüjetlər təqdim edilib.
Müsabiqənin nəticələrinə əsasən, Rəşad Baxşəliyev "Şərq” qəzetində dərc
olunan yazısına görə, Xalid Vahidoğli "Üç nöqtə” qəzetində dərc olunan
yazısına görə, Nigar Məmmədli "Qafqazinfo” internet qəzetində dərc
olunan yazısına görə, Rəsmiyyə Rzalı "Azərbaycan” qəzetində dərc olunan
yazısına görə, Cəmilə Əsgərxanqızı "Həftə içi” qəzetində dərc olunan
yazısına görə, Ülkər Nəbiyeva "525-ci qəzet”də dərc olunan yazısına
görə, Xalid Məmmədov "Azərbaycan Dövlət Teleqraf Agentliyi”ndə (AzərTAc)
dərc olunan yazısına görə, Babək Göyüş "Üç nöqtə” qəzetində dərc olunan
yazısına görə, Yusif Seyid "Paralel” qəzetində dərc olunan yazısına
görə, Ruhiyyə Daşsalahlı "Yeni Azərbaycan” qəzetində dərc olunan
yazısına görə, Vüqar Haqverdiyev "Milli.az” xəbər portalında dərc olunan
yazısına görə mükafata (fərqlənmə) layiq görülüblər.
Ən yaxşı məqalə nominasiyası üzrə I yerə İlhamə İsabalayeva Azəri-Press
Xəbər Agentliyində (APA) dərc olunan yazısına görə, II yerə (2 nəfər)
Samir Mustafayev "Azərbaycan” qəzetində dərc olunan yazısına görə və
İlahə Məmmədli "Trend” İnformasiya Agentliyində dərc olunan yazısına
görə, III yerə (3 nəfər) İradə Ağayeva "Азербайджанские Известия”
qəzetində dərc olunan yazısına görə, Murad Baxşəliyev "Paritet”
qəzetində dərc olunan yazısına görə və Akif Nəsirli "Paralel” qəzetində
dərc olunan yazısına görə layiq görülüblər.
Televiziya kanallarında verilmiş ən yaxşı telesüjetlər üzrə isə I yerə
Zümrüd Dəmirova ("Xəzər” televiziyası), II yerə (2 nəfər) Əli Rzayev
("Azərbaycan Televiziya və Radio Verilişləri” QSC) və Sülhiyyə Şirinova
("Space” Müstəqil Televiziya və Radio Şirkəti), III yerə (2 nəfər) Rasim
Şərifov ("Lider” televiziyası) və Neyman Səfərəliyev ("ANS” Müstəqil
Yayım və Media Şirkəti) layiq görülüblər.
DSMF sədri Səlim Müslümov qalibləri və müsabiqədə fərqlənənləri təbrik
edərək, onlara diplom və mükafatları təqdim edib. S.Müslümov vurğulayıb
ki, Fond sığorta-pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədi
ilə yeni layihələr gerçəkləşdirməyi planlaşdırır. Bu layihələr icra
olunarkən kütləvi informasiya vasitələrinin rolundan daha geniş şəkildə
istifadə ediləcək.