Вторник, 30.04.2024, 10:09
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 11 » Zirəddin Rzayev: “Allah tərəfindən mənə xüsusi əlifba verilib”
17:12
Zirəddin Rzayev: “Allah tərəfindən mənə xüsusi əlifba verilib”


Rusiyada yaşayan həmyerlimiz, məşhur ekstrasens Zirəddin Rzayev ANS PRESS-ə eksklüziv müsahibə verib.

Zirəddin Rzayevin sorağı gah Rusiyadan, gah Ukraynadan, gah da Bakıdan gəlir. Maraqlıdır, siz konkret olaraq nə işlə məşğulsunuz?
-Hazırda Moskvada "Dobromed” adlı çoxsahəli tibbi klinikada çalışıram. Orada müxtəlif, nervopatoloq, psixoloq, stomotoloq, ginekoloq və digər sahələr üzrə ixtisaslaşan həkimlər çalışır. Mən onlarla birgə işləyirəm. Birlikdə məsləhətləşmələr aparırıq. Yəni, onlar müəyyən edə bilmədikləri məsələlər baradə mənimlə məsləhətləşirlər. Mən onlara istiqamət verirəm. Mən tibbi psixologiyanı bitirmişəm, ixtisasca psixoloqam. Həm psixoloq, həm də ekstrasens kimi fəaliyyət göstərirəm. Bundan əlavə "Liniya jizn” adlı tibbi mərkəzdə də işləyirəm. Həm də məni Moskva Dövlət Universitetinə fəlsəfə müəllimi kimi dəvət ediblər. Gün ərzində çox sayda jurnallara, televiziya və radio kanallarına dəvət alıram. Mənim həyatım belə keçir.

Bildirmişdiniz ki, 2011-ci ildə bəzi incəsənət xadimləri həyatdan gedəcək. Artıq biz bir neçə tanınmış incəsənət xadimini itirmişik. İtkilərin ardı olacaq?
-Bəli. Ehtimal edirəm ki, bu il daha bir tanınmış incəsənət xadimi dünyadan köçəcək. Bununla da bu il ölənlərin sayı tamamlanacaq. Təbii ki, adını açıqlamaq istəmirəm.

Adını açıqlamasanız da, bəlkə hansı sahədə çalışdığını deyəsiniz?
-Çox çətin sualdır. Onu da demək istəmirəm. Amma hamımızın yaxşı tanıdığı bir insan ilin sonuna kimi həyatdan gedəcək.

Dəqiq yadımda deyil, amma bir dəfə Rusiya kanallarının birində Azərbaycanla bağlı proqnoz verməkdən imtina edərək, "bundan sonra Azərbaycanla bağlı heç bir proqnoz verməyəcəyəm” demişdiniz. Amma sonradan ölkəmizlə əlaqəli bəzi proqnozlar verdiniz. Niyə Vətənlə bağlı proqnoz vermək istəmirdiniz?
-Ona görə ki, mənim haqqımda çox böyük böhtanlar yazılıb. Əsas odur ki, həmin qəzetlər, informasiya agentlikləri ciddi deyil. Həmin jurnalistlər dövlət, yaxud tanınmış mətbuatda deyillər. Çox təəssüf ki, Azərbaycanda mətbuat adından çirkin işlər görənlər var. Onlar mənim adımdan böyük yalanlar uydurdular. O məqaləni oxuyan savadlı insanlar belə həmin məqalənin, müsahibənin uydurma olduğunu anlaya bilərlər. Yazırlar ki, "Deyilənlərə görə, Zirəddin filankəsə bunu dedi ...”. Mənim adımdan demədiyim şeyləri yazırlar. Bəzən özüm də bilmədiyim mövzu barədə mənim adımdan proqnoz yazırlar. Yazıların mənbəyi, kökü olmur. Faktsız yazırlar. Yazırdılar ki, guya mən son zəng günü terror aktının baş verəcəyini demişdim, olmadı. Guya mən Nostradamusu bəyənmirəm. Halbuki, o, ən çox hörmət etdiyim şəxsiyyətlərdən biridir. Nostradamusu alim, mütəfəkkir, filosof kimi qəbul edir və ona yaxşı mənada həsəd aparıram. Belə yalan proqnozlar, çirkin iftiralar məni diksindirdi. Azərbaycanda fəaliyyət göstərən bəzi "müxbirlər” məni ehtiyatlı olmağa vadar edir. Ona görə də mən qərar verdim ki, heç kimə proqnoz verməyim. Düzdür, bəzi dostlar, qardaşlar, hörmət etdiyim mətbuat nümayəndələrilə əməkdaşlıq edirəm. Onlarla gördüklərimi, bildiklərimi bölüşürəm.

Bilirik ki, vergi həm xeyir, həm də şər işlərə xidmət göstərir. Sizə verilən vergi şər, yoxsa xeyirdir?
-Bizdə atalar sözü var: "heç kəs öz ayranına turş demir” ... (red: gülür) Tanıdığım şeytana qulluq edən insanlar var ki, özlərini xeyirxah adam kimi qələmə verirlər. Düzdür, şeytana qulluq etdiyini etiraf edənlər var, amma çox azdır. Adını açıqlamaq istəmədiyim bir xanım tez-tez Azərbaycan teleməkanlarında danışarkən, özünü şərə xidmət edən falçı kimi qələmə verir. Amma çox tanıdıqlarım var ki, şər qüvvə ola-ola, bunu etiraf etmirlər. Mən hiss etdiyimə görə, mənə verilən qüvvə Allah tərəfindəndir. Mənim həyatdakı missiyam insanlara xidmət etməkdir. Çünki, mən çox ağır günlər keçirtmişəm. Həyatın keşməkeşli anlarını yaşamışam. Ona görə də, o günləri unudub, Tanrıma qarşı hörmətsizlik edib, heç vaxt şərə xidmət etmərəm. Qoy, Allah özü məni şeytani təsirlərdən qorusun. Düşünürəm ki, gücüm İlahi tərəfindən xeyirə xidmət üçün verilib. Həmişə pirlərə gedirəm. Bakıda olanda da, Şəmkirə gedəndə də, birinci getdiyim yer ocaqlar olub. Şəmkirə gedəndə, həmişə İmam Əlinin atının ayaq izlərinin həkk olunduğu 14 əsrlik piri ziyarət edirəm. Bütün şeytani qüvvələrin əleyhinəyəm. Ərəb dilində Qurani-Kərimi təmiz, təcvidlə oxuya bilirəm.

Quran oxumaq sizə İlahi vergi kimi verilib?
-Yox, mən ərəb dilini oxumuşam. Amma Allah tərəfindən mənə xüsusi əlifba verilib. Məndən başqa həmin əlifbanı dünyanın heç bir yerində oxuyan ikinci şəxs yoxdur. Həmin əlifbanın adını mənə yuxuda demişdilər. O, "Firon” əlifbasıdır. Qeyd edim ki, bu əlifbanın Misir fironları ilə heç bir adiyyatı yoxdur. Sadəcə onun adı "Firon” əlifbasıdır. Hətta Rusiya Federal bürosunun tibbi ekspertiza xidməti var. Həmin mərkəzdə məni bir neçə alim, akademik yoxladı. Mənə yeni, bilmədiyim bir mətn oxudular, mən həmin mətni öz əlifbam ilə yazdım, sonra da onu olduğu kimi oxudum. Başqa yoxlamalar da oldu və həmin əlifbanı alimlərə isbat etdim. Amma mən Qurani-Kərimi oxumağı öyrənmişəm. Mən həm də Moskva Dövlət Univeristetinin "Fəlsəfə” fakültəsini bitirmişəm. Bir filosof kimi də dinlərə qarşı öz mövqeyim var.

"Bitva ekstrasensov” yarışmasında iştirak edəndə, mənə sual verdilər ki, "bu veriliş sizə nə verdi?”. Mən orada qeyd etdim ki, bu veriliş məni dünyada tanıtdı, mənə məşhurluq verdi. İnsanların məhəbbətini qazandım. Amma "Bitva ekstrasensov” verilişi istedadımla, vergimlə bağlı mənə heç bir şey vermədi. Mən digərləri kimi, verilişdə ekstrasens olmamışam. Orta məktəbdə oxuduğum vaxtlardan, 1997-ci ildən Şəmkirdə ekstrasens kimi fəaliyyət göstərmişəm. Buna qonşularım, yaxınlarım şahiddir. Düzdür, hiss etdim ki, bu sözlərdən sonra, həmin verilişdə mənə münasibət açıq olmasa da, müəyyən mənada pisləşdi.

Keçən dəfə mənə müsahibə verərkən, qızılı sevdiyinizi bildirmişdiniz. Başqa müsahibələrində də bildirmişdiniz ki, barmağındakı üzüklərdən xüsusi güc alırsınız. Bir də soruşuram, bu belədirmi?
-Bəli, burada müəyyən mənada həqiqət var. Doğrudan da, mən gümüşdən, daşlardan enerji alıram. Onlar mənim qoruyucu talismanlarımdır. Mən nəinki daşları, gümüşü də üstümdə gəzdirirəm, bundan əlavə mən hər səhər gümüş suyu içirəm. Doğrudan da, gümüşün, daş-qaşların enerjisi mənə müsbət təsir edir. Onlar məni neqativlikdən, mənfi enerjilərdən qoruyurlar.

Axı dedikləriniz cansız əşyalardır. Bəs Allahdan verilən vergi, güc necə oldu?
-Təbii ki, birinci növbədə Allahdır. Daşları da, gümüşü də, insanı da yaradan Allahdır. Birinci növbədə mən Allaha dua edirəm. Amma onun yaratdığı nemətlərdən, əşyalardan bəşəriyyətin, insanların xeyrinə istifadə etməkdə pis şey görmürəm. Deməyim ondadır ki, hər şeyi qaydasında etmək lazımdır.

Bəzi vergili insanlar üzlərini mətbuatdan gizlədirlər. Amma Zirəddin Rzayev hər gün efirlərdədir, bu nə ilə əlaqədardır?
-Bəli, çox təssüflər olsun ki, insanlarda belə fikirlər formalaşıb. Mən buna aydınlıq gətirməyi özümə borc bilirəm. Birincisi, harada yazılıb ki, vergili insanlar özlərini mətbuatdan, efirdən gizlədir? Bu hansı qanunda, hansı kitabda yazılıb? İkinci tərəfdən, vergili insan deyəndə, ilk ağlıma Nostradamus, Vanqa gəlir. Baxmayaraq ki, Nostradamus 500 il bundan əvvəl yaşayıb, indi də onun piarı gedir. Onun kitabları, diskləri, onun haqqında verilişlər, müzakirələr davam etməkdədir. Həmçinin Vanqa da gündəmdədir. Düşünürəm ki, insanın daim gündəmdə olmasında qəbahət yoxdur. Yenə ataların bir sözü yadıma düşür: "Hərə öz arşını ilə ölçür”.

Gəl belə götürək. Kimsə güclü həkimdirsə, o, efirə çıxmamalıdır? Ümumiyyətlə, vergili insanın efirdən, mətbuatdan qaçmağı hansı qanunda yazılıb? ... (gülür) Bilmirəm, kim bunu harasından çıxarıb? Xətrinə dəyməsin, sualının məntiqsiz olduğu qənaətindəyəm.

Sualımın ardına fikir verməyinizi istərdim. Deməyim ondadır ki, bəziləri düşünür ki, Zirəddin ekranlara çıxır, özünü reklam edir, o şöhrətpərəstdir. Doğrudanmı Zirəddin Rzayev şöhrətpərəstdir?

-Allah köməyin olsun ... (gülür) Elə şəxs göstərin ki, onun barəsində söz-söhbət olmasın, ona ikili yanaşmasınlar. İstər siyasi, istər mədəniyyət, istərsə də digər sahələrdə olan insan haqqında da mənfi fikirlər olur. Təbii ki, mənim haqqımda gəzən dedi-qodunu da normal sayıram. Əgər bütün insanlar, dünyada məni tanıyanlar bu fikirdə olsaydılar, mənə təsir edərdi. Əlbəttə, hərə buna öz əqli çərçivəsində yanaşır. Məni tanımayan, daxili aləmimi bilməyən insanların haqqımda bu qənaətə gəlməsi elə şeytan işidir. Efirə çıxan hər bir insanı şöhrətpərəst adlandırmaq düzgün deyil. Düşünürəm ki, bu böhtan xarakterli söhbətlərdir. İndi mən nə edim ki, məni efirlərə çağırırlar, məndən müsahibə götürmək istəyirlər. Əslinə qalsa, çox sadə insanam. Hərdən efirdə zümzümə də edirəm, şeir də deyirəm. Özümü olduqca sadə göstərirəm. Əgər mən şöhrətpərəst olsaydım, efirdə tam başqa olardım. Humanistliyimi, sadəliyimi kənara qoyardım.

İndiyə qədər hansı proqnozlarınız düz çıxıb?
-Bütün ekstrasenslərin çoxu keçmişi dedi. Bəs gələcəyi kimlər deyir? Zirəddin Rzayevin proqnozlarına nəzər salaq. İranda baş verən zəlzələni kanalların birində bildirmişdim. İslandiyadakı vulkanı söyləmişdim. Moskva meri Yuri Lujkovun istefaya gedəcəyini bildirmişdim. Aygün Kazımovanın Namiq Qaraçuxurludan ayrılacağını demişdim. Milli qəhrəman Mübariz İbrahimovun meyidinin qaytarılacağı günün dəqiq tarixini qeyd etmişdim. Yaponiyada baş verəcək zəlzələləri, "Fukusima”dakı qəzanı və s. demişdim.

Proqnozlarınızdan düz çıxmayanlar var?
-Var. Bunun normal olduğunu düşünürəm. Çünki, elə sahə yoxdur ki, orada çalışan insan səhv etməsin? Bəzən həkimin də səhvi ucbatından xəstə ölür. Siyasətçi də səhv edir. Hətta vaxtilə məşhur olan Darvin də səhv edib. Onun nəzəriyyəsi müasir dövrdə öz aktuallığını itirib. Ancaq ümumilikdə mütəxəssis həmişə mütəxəssis olaraq qalır. Mənim proqnozlarımı tərəziyə qoyanda, 95 faizi öz əksini tapır.

Ruhları görürsünüz?
-Yuxuma tez-tez ölən insanlar gəlirlər. Onların ruhu mənimlə kontakta girirlər, baş verəcək hadisələrdən xəbər verirlər. Doğrudan da ruhlarla kontaktım var. Bunu inkar etməyəcəyəm.

Ruhlarla əlaqəniz varsa, sizə yarı zarafat, yarı ciddi bir sual vermək istərdim. O dünyadan bu dünyaya nə xəbər var?
-... (dərindən ah çəkir) Mən yenə sizə deyirəm ki, o dünya həqiqətən də var. Düşünməyin ki, Zirəddinin ruhlarla kontaktı varsa, onların bütün sirlərini də bilir. Sadəcə onu deyim ki, mən istəyəndə ruhlarla kontakta girmirəm. Onlar lazım biləndə mənimlə kontakta girirlər. Mən öz istədiyimi yox, onların istədiyini görürəm. Düzünü desəm, gizli elmlərlə, sirlərlə bağlı həmin varlıqlara, ruhlara öz suallarım çoxdur. Sadəcə onlar istədiklərini deyirlər.

Nə deyirlər? Bu dünyadan nə istəyirlər?
-Çox maraqlı sualdır. Dəfələrlə ölən insanların ruhunu görmüşəm və həmin ruh Quran oxutmağımı istəyib. Ruhlar istəyirlər ki, onların adlarına Quran oxunsun, salavat çevrilsin. Bəzən ruhlar mənə əmr edirlər. Elə olur ki, onların əmrindən çıxıram. Amma həmin anları soruşmayın, açıqlamaq istəmirəm.

Ruh bu dünyada kiməsə pislik edə bilərmi?
-Yalnız Allahın izni ilə. Müəyyən ruhlar var ki, Tanrı onlara azadlıq verir. Lakin desəm ki, onlar istədiklərini həyata keçirirlər, bu yalan olar. Sadəcə müəyyən cinlər var ki, insanlara pislik edirlər. Bu həqiqətdir, mən belə halların şahidi olmuşam.

Deyirlər, 2012-ci il dünyanın sonudur. Doğrudanmı dünyanın sonuna 1 ildən az vaxt qalıb?
-Dünyamız get-gedə uğursuzluğa doğru gedir. Dünyada çoxlu təbii fəlakətlər, müharibələr, sağalması mümkün olmayan xəstəliklərin yayılacağını görürəm. Məndə olan hissiyata görə, insan ömrü getdikcə gödələcək. Amma ümumilikdə 2012-ci ildə dünyanın dağılacağını görmürəm. Bu yalan söhbətdir, cəfəngiyyatdır. Sadəcə 2012-ci ildən sonra kosmosda böyük dəyişiklik baş verəcək. Bu ildən sonra dünya alimləri şok açıqlamalar bildirəcəklər. Dünyanın dağılacağı günü Allahdan başqa heç kəs bilməz. Hətta peyğəmbərlər belə bu barədə dəqiq informasiya verməyiblər.

-Azərbaycanda kimi görücü, bilici kimi tanıyırsınız?
-Mən Azərbaycanda Mir Mövsüm ağadan başqa ikinci fövqəlada gücə malik olan insan tanımıram. Mən dara düşəndə onun ziyarətinə gedirəm. Mən hər yerdə Mir Mövsüm ağa ilə fəxr etmişəm, onun haqqında informasiyalar vermişəm. Amma Azərbaycanda başqa ekstrasens, görücü, övliya, falçı tanımıram.

-Bayaq jurnalistlərdən gileyləndiniz. Belə başa düşdüm ki, həm jurnalistlərə, həm də oxuculara çoxlu ürək sözünüz var. Buyur ...
-Bəli var. Oxuculara demək istərdim ki, oxuduqları hər şeyə inanmasınlar. Bu zaman saxta yazıların da önəmi olmayacaq. Müsahibəni oxuyarkən, onun mənbəyini yoxlasınlar. Bəlkə heç həmin müsahibə təqdim edilən şəxsdən alınmayıb. Jurnalistlərə isə deyirəm ki, qələmin gücü, qılıncın gücündən kəsərli olur. Bu üzdən qələmi ələ alarkən Allahı unutmasınlar. Çünki, Tanrı dünyanı sözlə yaradıb. Buna görə də, sözə hörmət etsinlər.

-Sonda soruşmaq istəyirəm, siz həmişə bildirirsiniz ki, həyatdan cavan gedəcəksiniz. Bu sizə görüntü kimi bəyan olub, yoxsa səs vasitəsilə deyilib?
-Açığı desəm, bu barədə görüntülərim olub ... (ah çəkir) Daha doğrusunu Allah bilir. Amma mən cavan öləcəyimi görürəm.
Просмотров: 304 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031