![](http://az.apa.az/upload/images/news/2014/january/30/big/52ca6640c9cd25b2125d159ec7232db1.jpg)
Cəlilabad. Ağəddin Babayev - APA. Yanvarın 30-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Cəlilabad şəhərində vətəndaşları qəbul edib.APA-nın cənub bürosunun məlumatına görə, qəbulda Cəlilabadla yanaşı, Lənkəran, Astara, Masallı, Biləsuvar, Lerik və Yardımlı rayonlarının sakinləri iştirak ediblər. TQDK sədrinə edilən müraciətlərin çoxu təhsil və təlim-tərbiyə sahəsindəki məsələlərlə bağlı olub. Vətəndaşlar növbəti il üçün qəbul imtahanlarının keçirilmə vaxtlarında edilmiş dəyişikliklər, qəbul qaydalarında tətbiq olunan yeniliklər, sınaq imtahanlarının sayının artırılması, qabiliyyət imtahanları, buraxılış və monitorinq imtahanları və s. məsələlərə dair M.Abbaszadəyə rəy və sorğularını çatdırıblar. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınmaqla nəzarətə götürülüb.
|