"APA-Group”un baş direktoru
Vüsalə Mahirqızının Türkiyənin nüfuzlu "Cümhurriyyət” qəzetində yazısı
dərc olunub. Yazı "Cümhuriyyət”in məşhur yazarı Mina Kırıkkanatın
köşəsində yayımlanıb. Yazının Azərbaycan dilindəki variantını təqdim
edirik.
***
Onlar ailədə 4 nəfər idilər, axşam yeməyi üçün təzə süfrə başına
keçmişdilər. Birdən çöldən səslər gəlməyə başladı: "Ermənilər gəlir,
atəş açırlar”. Valideynləri onun və 5 yaşlı bacısı Yeganənin əlindən
tutub həyətə qaçdılar.
25 fevral axşamıydı, çöldə buz kimi hava vardı. Bir neçə gündən bəri
yağan qar getdikcə güclənirdi. Hamı qaçırdı. Qəsəbəyə ən yaxın olan
Ağdama tərəf gedən yol meşənin içindən keçirdi. Bir anda güllə yağışının
ortasında qaldılar. Vurulanlar yerə yıxılır, hələ ki sağ qalanlar isə
güllə yağışına tərəf qaçırdı. Çünki başqa yol yoxdu. Birdən əlindən
tutan anası Rənanın fəryadını eşitdi, güllə başından dəymişdi, üzü qan
içində yerə yıxıldı, atası ilə bacısı da anasına tərəf yüyürdülər. Bir
güllə daha, biri də... Bacısı yerə sərildi, heç fəryada belə imkanı
olmadan... Bacının qanı ağ qarı qıpqırmızı rəngə boyamışdı. Qorxudan
titrəyən Xəzangül ağlayırdı, atası ölmüş anasını və bacısını buraxıb
onun əlindən tutdu, qaçmağa başladılar, qarşılarını əsgər geyimlilər
kəsdilər. Bircə həmlə ilə atasını da, onu da yük maşının içinə
fırlatdılar.
Ermənilər əsir aldıqları uşaqları, qadınları, yaşlıları bura
doldurmuşdular, bir də yaralanıb ayaq üstə dura bilənlər vardı. Ancaq
indi atasının da qolundan qan axdığı fərq elədi. Onları heç
tanımadıqları bir yerə apardılar. Kişilərin hamısını yaşlı, yaralı
demədən ağaca bağladılar. 38 yaşlı atası Təvəkkülə sarı gələn əsgər
bağırdı: "De ki, Qarabağ erməni torpağıdır”. Atasından səs çıxmadı,
döydülər, yarasına basdılar, təpiklədilər…
Onda 8 yaşındaydı Xəzangül, "ata, ata” fəryadı yeri-göyü inlədirdi.
Təvəkküldən səs çıxmayınca ermənilər hiddətləndilər. Atasının üstünə
benzin tökdülər və bircə kibrit… Xəzangül bu dəhşəti 8 yaşında yaşadı.
Və üzərindən 20 il keçəndən sonra atasının yanan bədənindən qalxan o iy
gəlir hələ burnuna, fəryadı heç getmir qulaqlarından…
***
Xeyr, oxuduqlarınız bir romandan, ya da filimdən parça deyil. Bu, 20 il
əvvəl Xocalıda bir ailənin yox edilməsinin gerçək dramıdır. 25-26 fevral
1992-ci ildə erməni terrorçuları qəsəbənin əksəriyyəti qadın, qoca və
uşaq olmaqla 2500 sakininin üzərinə ağır silahlardan mərmi yağdırdı, 613
vətəndaşımız qətlə yetirildi, 1500-ə qədər dinc sakin yaralı vəziyyətdə
meşədə tərk edildi, çoxu donub öldü, çoxlu əsirlərimiz oldu.
Bəzilərinin aqibətindən hələ də xəbərsizik. Erməni terrorçuları bir neçə
saat içində bir qəsəbəni yer üzündən sildilər.
Bu gün dünya parlamentləri 1915-ci ildə baş vermiş olaylarla bağlı
qondarma "soyqırım” qərarları qəbul edirlər. Həm də tarixi araşdırmadan,
arxivlərə daxil olmaq zəhmətinə qatlanmadan… Amma vicdan, qürur,
obyektivlik kimi dünyəvi anlayışların keçərli olduğu hər yerdə
"soyqırım” anlayışı barədə öncə bizdən, Azərbaycan türklərindən
soruşulmalıdır. Çünki biz soyqırımı cəmi 20 il əvvəl bütün dəhşət və
acılarıyla yaşadıq.
Fevralın 26-da Xocalıda yaşananların adı soyqırımdan başqa bir şey ola bilməz.
Soyqırımı bir insanlıq cinayəti olaraq görənləri 26 fevralda, bu bazar
günü saat 14-də Taksim Meydanına dəvət edirik. Dünyanın istənilən
yerində tarixin istənilən çağında soyqırım niyyətilə bir nəfəri belə
qətlə yetirənləri lənətləməyi insanlıq vəzifəsi bilənləri 26 fevralda
Taksimdə "Hamımız Xocalılıyıq” deyə hayqırmağa çağırırıq.
|