İstehsalçılar isə yaranan şəraitdən daha çox fayda əldə etmək
niyyətindədirlər
![](http://gun.az/photos/inside_article/1308478881/7811.jpg)
ANSPRESS xəbər verir ki, Kənd təsərrüfatı naziri İsmət
Abbasovun, Rusiya-Avropa iqtisadi münasibətlərində yaranan
vəziyyətdən istifadə edən Azərbaycan kəndlisinin kartofu bu bazara 35-40
qəpiyə təklif etməsi fonunda verdiyi açıqlamanı yerli fermerlər
anlaşılmazlıqla qarşılayıblar.
Avropadan gətirilən kənd təsərrüfatı məhsullarına Rusiyanın qadağa
qoymasından sonra bu ölkəyə öz məhsullarını daha ürəklə çıxaran
Azərbaycan kəndlisi yaranan şəraitdən daha çox fayda əldə etmək istəyir.
Kəndlilərin sözlərinə görə, onlar indi çatdırmırlar. Qiymətdə də fərq
var. Hələ bir neçə gün əvvəl kartofun kiloqramını 20 qəpiyə zorla bazara
çıxaran kəndliyə indi eyni məhsula görə 35-40 qəpik verirlər. Rusiya və
Ukrayna alıcılarına məhsul elə tarlada təklif edilir. Elə alıcılar da
təklif olunan məhsullardan məmnun görünürlər.
"Avropa ölkələrindən tərəvəz alınmaması deyiləndən sonra biz əsasən
Azərbaycan məhsulları alırıq. Çox yaxşı məhsullardır. Dadlı tərəvəzlər,
pomidor, xiyar, kartof və s.”, - deyə alıcı İrina Sidorenko vurğulayıb.
Rusiyalı alıcı Svetlana Zuyeva da Azərbaycanda
istehsal olunan kənd təsərrüfatı məhsullarına üstünlük verir: "Avropa
məhsulları qorxuludur. Azərbaycandan gələn meyvə-tərəvəz, kənd
təsərrüfatı məhsulları çox yaxşıdır. Ekoloji cəhətdən təmizdir”.
Bir sözlə, Rusiya bazarında Azərbaycan məhsuluna tələbat artıb.
Əsasən Azərbaycan məhsullarını soruşurlar, maraqlanırlar. Əgər xarici
məhsuldursa istəmirlər, Azərbaycan məhsuludursa, məmnuniyyətlə alırlar.
Azərbaycan pomidorunu, kartofunu çox yaxşı alırlar. Çünki çox dadlıdır”,
- deyə satıcı Valeriya Novosolova bildirib.
Kəndlilər isə deyəsən qiymətdən narazı görünmürlər.
"Əkirik, becəririk, zəhmət çəkirik. Qiymətləri bazar tənzimləyir.
Neçəyə alırlar, biz də o qiymətə satırıq. Münasib qiymətdir. Sərf eləyən
qiymət olanda veririk”, - deyə fermer Arif Muradov
vurğulayıb.
Bir sıra fermerlər isə adminstrativ müdaxilə yolu ilə onlardan
qiymətləri aşağı salmağın tələb olunacağı təqdirdə məhsulu ümumiyyətlə
bazara çıxarmamağı düşünürlər.
Qeyd edək ki, bazar iqtisadiyyatı olan ölkələrdə məhsulların
bahalaşıb-ucuzlaşması istehsalçının özündən asılıdır və buna görə o
məsuliyyətə cəlb oluna bilməz. Cəza isə yalnız inhisarçılıq yoluyla və
ya sövdələşməyə gedərək qiymətləri artıranlara aiddir.
|