Bu gün Masallı
şəhərindəki Qəhrəmanlar parkında 20 Yanvar 1990-cı il şəhidlərinin ümumrayon anım mərasimi keçirilib. APA-nın Cənub
bürosunun məlumatına görə, Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov,
hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların
əməkdaşları, həmçinin minlərlə rayon sakini faciə qurbanlarının xatirəsinə
ucaldılan abidənin önünə əklil və gül dəstələri düzərək, onların ruhuna dərin ehtiramlarını ifadə ediblər. Şəhidlərin ruhuna dualar oxunub.
Ümumxalq Hüzn Günü ilə əlaqədar rayonun ərazisində dövlət bayraqları
endirilib, saat 12:00
tamamda isə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, avtomobillərdən
səs siqnalları verilib.
Qeyd edək ki, Masallı rayonu 20 yanvar 1990-cı il
hadisələri və Qarabağ müharibəsi zamanı ümumilikdə 159 şəhid verib ki,
bunlardan da 3 nəfəri ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı yüksək fəxri
ada layiq görülüb.
|