![](http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-prn1/s320x320/549264_408424655852719_100000555633089_1487137_1471898293_n.jpg)
Lerik şəhərində Azərbaycanın
Milli Qəhrəmanı Valeh Müslümovun abidəsi önündə onun xatirəsinə həsr olunmuş
anım tədbiri keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, rayonun icra strukturları
və hüquq-mühafizə orqanları rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin
qatıldığı mərasimi giriş sözü ilə açan Lerik Rayon İcra Hakimiyyəti başçısı
aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri
Əlipənah Bayramov Azərbaycanın ilk Milli Qəhrəmanlarından olan Valeh Müslümovun
qısa və mənalı ömür yolundan söz açıb. Bildirilib ki, Valeh Əlizahid oğlu
Müslümov 1968-ci il sentyabrın 2-də Lerik şəhərində anadan olub. 1983-cü ildə
Lerik şəhər 2 saylı orta məktəbinin 8-ci sinfini bitirərək Sumqayıt şəhər 17
saylı peşə məktəbində təhsil alıb. 1986–1988-ci illərdə ordu sıralarında xidmət
edən Valeh 1991-ci ilin avqust ayında Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayıb. O, Şuşa,
Xocalı, Tovuz, Füzuli, Qubadlı, Zəngilan və Ağdərə rayonlarının müdafiəsi
uğrunda gedən döyüşlərdə iştirak edib. Füzuli rayonunda döyüş əməliyyatlarının
birində düşmən mühasirəsində qalan döyüşçü yoldaşlarının cəsədlərini götürmək
üçün həyatını riskə atıb. Döyüşdə öz cəsurluğu, qorxmazlığı və igidliyi ilə
hamının məhəbbətini qazanan Valeh Müslümov 1992-ci ilin aprelin 8-dən 9-na
keçən gecə Ağdərə rayonunun Marquşavan
kəndi uğrunda gedən döyüşdə əsl qəhrəmanlıq nümunəsi göstərərək, düşmənlə
qeyri-bərabər döyüşdə şəhid olan və yaralanan 11 nəfər döyüşçü yoldaşını xilas
etməklə onları təhlükəsiz zonaya aparıb. Axırıncı yoldaşını xilas edərkən
aldığı ağır yaradan şəhidlik zirvəsinə ucalan Valeh 20 il öncə – 1992-ci il
aprelin 10-da uğrunda canını belə əsirgəmədiyi Vətən torpağında torpağa
tapşırılıb.
Onun bu igidliyi dövlətimiz
tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin 6
iyun 1992-ci il tarixli 831 nömrəli Fərmanı ilə ilk dəfə "Azərbaycan Milli
Qəhrəmanı” adını almış 11 nəfərdən biri də məhz Valeh Müslümov olub.
Qəhrəmanın adının
əbədiləşdirilməsi ilə əlaqədar dövlət tərəfindən bir sıra tədbirlər həyata
keçirilib. Belə ki, Lerik şəhərinin küçələrindən birinə və təhsil aldığı orta
məktəbə onun adı verilib, büstü ucaldılıb. Şəhidlik zirvəsinə ucalmasının 20-ci
ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin dəstəyi ilə Valeh Müslümovun adını
daşıyan məktəbdə qəhrəmanın xatirə muzeyi yaradılıb.
Tədbirdə Lerik Rayon İcra
Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev, Lerik rayon prokuroru
Salman Səmədov, Lerik Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış Şöbəsinin
rəisi, kapitan Elməddin Cəfərov, YAP Lerik rayon təşkilatının sədri Elxan
Qənbərov, ağsaqqal Ağaxan Babayev, jurnalist Hüsaməddin Abbasov çıxış edərək,
Milli Qəhrəmanın keçdiyi döyüş yolundan söz açıblar. Valeh Müslümovun həyatının
bütün gənclər üçün nümunə olduğunu qeyd edən natiqlər ölkəmizdə dövlət
başçısının tapşırığı ilə keçirilən belə tədbirlərin tarixi əhəmiyyət daşıdığını,
gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynadığını bildiriblər.
Milli Qəhrəmanın atası
Əlizahid Müslümov isə çıxışında göstərilən qayğı və diqqətə, o cümlədən oğlunun xatirəsinin əziz tutulması
üçün rayonda onun büstünün qoyulması, məktəbə, küçəyə adının verilməsi, məktəbdə
xatirə muzeyinin yaradılmasına görə ailəsi adından ölkə prezidenti İlham
Əliyevə və rayon rəhbərliyinə minnətdarlığını çatdırıb.
Sonda Milli Qəhrəmanın adını
daşıyan Lerik şəhər 2 saylı tam orta məktəbində Xatirə muzeyinin açılışı olub. Tədbir
iştirakçıları burada Milli Qəhrəmanın həyat və döyüş yolunu əks etdirən
eksponatlarla tanış olublar.
Daha sonra Milli Qəhrəmanın
yaxınları və bir qrup tədbir iştirakçısı tərəfindən şəhidin məzarı ziyarət olunub,
qəbri üstünə tər qərənfillər düzülüb.
|