Lerik. Ağəddin Babayev – APA. Noyabrın 7-də Lerik Rayon Ağsaqqallar
Şurasının VII konfransı keçirilib. APA-nın Cənub
bürosunun məlumatına görə, tədbirdə Rayon Ağsaqqallar
Şurasının sədri, respublikanın əməkdar jurnalisti Həmzə Vəliməmmədov hesabat
məruzəsi ilə çıxış edib. Bildirilib ki, Rayon Ağsaqqallar Şurası ötən hesabat dövründə öz fəaliyyətini
Azərbaycan Ağsaqqallar Şurasının Əsasnaməsi və Nizamnaməsi əsasında qurmaqla,
dövlətimiz və hökumətimizin siyasətinin yaşlı nəsil arasında təbliğinə xüsusi
diqqət yetirib. Şura üzvləri gənclərin Milli Orduya yola salınmasında yaxından iştirak edərək, onlara Vətənə
şərəflə xidmət etməyi məsləhət görüb, xeyir-dualarını veriblər. Rayon Ağsaqqallar Şurasının ərazilərdəki
təşkilatları tərəfindən irəli sürülmüş bir sıra dəyərli təşəbbüslər yerli
ictimaiyyət tərəfindən yekdilliklə bəyənilib. Hər
il olduğu kimi bu il oktyabrın 1-i -
Beynəlxalq Ahıllar Günü ilə əlaqədar Ağsaqqallar Şurasının xahişi ilə
ərazilərdəki imkansız qocalara Rayon İcra Hakimiyyəti tərəfindən maddi yardım
göstərilib. Rayon Ağsaqqallar Şurasının Monidigah, Vizəzəmin, Çayrud, Kələxan,
Cəngəmiran, Tikəband kəndlərindəki təşkilatları ailələrdə müəyyən narazılıqların
aradan qaldırılmasında, yeniyetmələrin faydalı əməyə cəlb olunmasında,
valideyn-övlad münasibətlərinin nizamlanmasında xeyli iş görüblər. Bir sıra
problemlər məhz ağsaqqalların iştirakı ilə həll olunub.
Məruzə ətrafında çıxış edənlər ötən konfransdan keçən dövr ərzində rayon
ağsaqqallar şurasının gördüyü işləri təqdir edərək, bir sıra dəyərli
təkliflərini irəli sürüblər. Müzakirələrdən sonra Rayon Ağsaqqallar Şurasının yeni tərkibi seçilib.
Həmzə Vəliməmmədov yenidən Lerik Rayon Ağsaqqallar Şurasının sədri seçilib.
|