İqtisadi
İnkişaf Nazirliyinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasının və Beynəlxalq Maliyyə Korporasiyasının birgə təşkilatçılığı
ilə iyulun 12-də Lənkəranda Cənub bölgəsinin sahibkarları üçün elektron
xidmətlərin növbəti təqdimatı keçirilib. APA-nın Cənub bürosunun məlumatına
görə, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların,
informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən
şirkətlərin nümayəndələrinin və 100-ə
yaxın sahibkarın iştirak etdiyi tədbiri giriş sözü ilə Lənkəran Şəhər İcra
Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov açaraq ölkəmizdə, o
cümlədən Lənkəran rayonunda sahibkarlığın inkişafı sahəsində yaradılmış münbit
şəraitdən və görülmüş işlərdən danışıb.
İqtisadi
İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur
Qasımov sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər,
Nazirlik tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat verib. Onun
sözlərinə görə, Azərbaycan Respublikası prezidentinin 23 may 2011-ci il tarixli
"Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi
tədbirlər haqqında” Fərmanına uyğun olaraq İqtisadi İnkişaf Nazirliyinin
saytında elektron xidmətlər bölməsi yaradılıb. Bölmədə nazirlik tərəfindən
verilən lisenziyalar və sertifikatlar, kommersiya hüquqi şəxslərə münasibətdə
qrant müqavilələrinin qeydiyyata alınması, xidmətlərin göstərilməsi üçün tələb
olunan sənədlərin dəqiq siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı
olan ərizə və digər sənədlərin elektron forması yerləşdirilib, göstərilən
xidmətlərə görə nəzərdə tutulan rüsumların real vaxt rejimində elektron formada
ödənilməsi təmin olunub.
Tədbirdə
icazələrin elektron informasiya portalı (www.icazeler.gov.az)
barədə də məlumat verilərək, sahibkarların elektron xidmətlərdən istifadə
imkanlarının genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Qeyd
olunub ki, bu internet saytı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq
istəyənlərə və fəaliyyətini genişləndirərək yeni sahələrdə çalışmaq istəyən
sahibkarlara fəaliyyətin növündən asılı olaraq tələb edilən icazə xarakterli
sənədlər, onların alınması proseduraları, təqdim edilməli sənədlər, həmin
icazələrin verilmə və qüvvədə olma müddətləri, bu icazələri verən dövlət
orqanları barədə məlumatları vahid mənbədən əldə etmək imkanı yaradır.
Saytda
yaradılmış "Sahibkarlıq sahəsinə aid qanunvericilik aktlarının layihələri” bölməsi
vasitəsilə sahibkarlar məlumatlılıq səviyyəsinin yüksəldilməsilə yanaşı,
qanunvericilik aktlarının hazırlanmasında birbaşa iştirak imkanı əldə
edəcəklər.
Beynəlxalq
Maliyyə Korporasiyasının "İnvestisiya mühiti layihəsi”nin əməkdaşı İlham
Abdullayev sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesteri
(www.yoxlama.gov.az), "Minimax”
şirkətinin nümayəndəsi Cavid Xəlilov isə www.biznesinfo.az internet portalının sahibkarlar üçün
yaratdığı imkanlar barədə ətraflı söz açmaqla, sahibkarların məlumatlılıq
səviyyəsinin artırılmasında əhəmiyyətini qeyd ediblər.
Tədbirdə
Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyesterinin əməkdaşı Əfqan İmanzadə
sahibkarların maliyyə mexanizmlərinə çıxış imkanlarının genişləndirilməsi ilə
bağlı təqdimatlarla çıxış edib.
Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının şöbə müdiri Emil
Süleymanov isə iştirakçıları Konfederasiya tərəfindən sahibkarlara göstərilən xidmətlər
barədə məlumatlandırıb.
Sonda
sahibkarları maraqlandıran suallar cavablandırılıb.
|