Qızmar günlər artıq özünü göstərməyə başlayıb. Proqnozlara görə bu yay
da isti keçəcək.
Havaların bürkülü və isti keçməsi, təbii ki,
orqanizmdən asılı olaraq, hərəyə bir cür təsir edir. Orqanizm günün
yorğunluğunu yuxuda çıxardır. Havanın isti olması isə rahat yatmağa
imkan vermir. Gecələr rütubətin normadan artıq olması, orqanizmin
istiliyi daha çox hiss etməsinə səbəb olur. Bəs isti havalarda rahat
yatmaq üçün nələri bilməliyik?
Şirin
yuxumuza haram qatan nələrdir?
İnsan orqanizmi elə
mürəkkəbdir ki, bədənin temperaturu normadan aşağı və yuxarı olanda
problemlərə gətirib çıxarır. Normal bədən temperaturu 36,6 dərəcədir.
Temperatur 35-ə enmişsə, deməli, donuruq, 37-40 arasıdırsa, deməli,
xəstələnmişik.
Mütəxəssislər ideal yuxu üçün 18-22 dərəcə
istiliyin uyğun olduğunu araşdırıblar. Rahat yatmaq istəyənlərin isə
xüsusilə işıqlı yerlərdən kənar durmaları məsləhət görülür. Amerika
Birləşmiş Ştatlarında mütəxəssislərin apardığı araşdırmalara görə, bəzi
insanların işıqlı yerlərdə yata bilməməsinin əsas səbəbi orqanizmdə olan
yuxu hormonu-melotoninin az ifraz olunmasıdır. Melotoninin normada
olmaması yuxu pozğunluğuna gətirib çıxarır.
Deməli, xüsusilə,
yayda, 30-40 dərəcədən də çox istidə rahat yatmaq üçün müəyyən qaydaları
bilmək lazımdır. Mütəxəssislərin gəldiyi nəticə belədir:
-
Stressdən uzaq olun. İdmanla (yatmazdan 2-3 saat əvvəl olmaz) məşğul
olun. İlk növbədə balanslı bəslənin. Siqaret çəkməyin. Çay və qəhvə
içməyi azaldın.
- Səs-küydən qaçın. Rahat yatmaq üçün səs-küyün
maksimum dərəcədə içəridə eşidilməsinə mane olun. Otağınızdan səsli
cihazları çıxardın. Səs-küyü eşitməməyin ən yaxşı yolu isə
qulaqcıqlardan istifadə etməkdir.
- İşıq və elektrik cihazları
yuxunu pozur. Yatmazdan əvvəl otağınızın işığını söndürün, pərdələri
bağlayın, elektrik cihazlarını elektrik şəbəkəsindən ayırın. İşıqlı
havada insan narahat yatır. Yayda elektrik cihazları onsuz da isti olan
havanı daha da isidir.
- Kiçik yataq rahat yuxunun düşmənidir.
Mütəxəssislərə görə, yataq ən azı, 180x240 sm ölçülərində olmalıdır.
Yastıq başı qoymaq üçün yumşaq olmalıdır. Ortası çalalanmış yataqda
insan narahat olur. Orqanizm dincələ bilmir. Yataqları seçərkən də
diqqətli olmaq lazımdır. Düz və yumşaq, ortopedik çarpayılara üstünlük
verilməlidir. Yadda saxlamaq lazımdır ki, yuxu pozğunluğu müxtəlif
xəstəliklərə səbəb olur. - Spirtli və kofeinli içkilər içməyin.
Yatmağa yaxın spirtli içki qəbulundan qaçın. Çünki narahat formada
yatmaq insanın gələcək gününü məhv edir. Baş, boyun və bel ağrıları
get-gedə özünü göstərməyə başlayır. Kofeinli içkilər isə yuxunun
qaçmasına səbəb olur. 1 fincan qəhvədə olan kofeinin təsiri 6-8 saat
davam edir. Ona görə də, 18.00-dan sonra kofeinli içkilər içmək rahat
yatmaq istəyənlərin yuxusunu pozur.
- Su sahələrinə və meşələrə
yaxın olan ərazilərdə havalar sərin olur. Təbii ki, belə şərait rahat
yatmaq üçün çox əlverişlidir. Həm də sahil zonalarında soyutma
cihazlarının xərclədiyi enerji yüzdə 50 azalır. Təbii mühitdə yatmaq
orqanizmə daha çox xeyirdir.
- Kondisionerdən istifadə edin.
Şəhər yerlərində havalar daha çox bürkülü və isti keçir. Ona görə də,
şəhər sakinlərinin evlərini kondisionersiz təsəvvür etmək mümkün deyil.
Otağa uyğun kondisioner alınmalıdır. Kondisionerin xarici mühitdəki
istilikdən ən çox 5-6 dərəcə aşağı işləməsinə fikir verilməlidir. Belə
soyuducu cihazlardan qaydaya uyğun normada istifadə edilərsə, orqanizm
heç bir zərər görməz.
- Sərinkeşlərdən (ventilyator) də istifadə
etmək olar. Otağınızda hava axınının sərbəst hərəkət eməsi üçün lazım
olan şəraiti yaradın. Sərinkeşin önünə buzla dolu bir qab da qoya
bilərsiniz. Buza hər dəfə külək vurduqca sərinliyi hiss edəcəksiniz.
-
Otağı vaxtında havalandırın. Sübh tezdən və axşam yatmazdan əvvəl
otağın pəncərələrini açın, havasını dəyişdirin. Gündüzlər pəncərəni və
pərdələri açmayın. Günəş şüalarının əşyaları qızdırmasına mane olun.
-
Yatmazdan əvvəl cib telefonunu söndürün. Fransada aparılan
araşdırmalara görə, yataq otağında zəngi gələn telefon rahat yuxudan 50
dəqiqə oğurlayır.
- Çox hərəkət etməyin. İsti havalarda,
xüsusilə, yuxudan əvvəl həddindən artıq hərəkətli işlər görməyin.
-
Günəş şüaları altında çox yanmayın. Yayda həddindən artıq yanmaq
yuxunun ən böyük düşmənidir. Sağlamlığın qeydinə qalmaq üçün günəş
vannalarını normada qəbul etmək məsləhətdir.
- Çox yeməyin.
Həddindən artıq yağlı və şəkərli yeməklər yuxuya mane olur. İsti havada
yüngül yeməklər (süd və qatıq məhsulları, qarpız, meyvə-tərəvəz, dəniz
məhsulları və s.) yeyin və yemək ilə yatmaq arasında ən azı, 3 saat fərq
olmalıdır. Ac qarına da yatmaq olmaz.
- Su insanı rahatladır.
İsti havalarda tərləmənin çox olması orqanizmdə maye itkisinə gətirib
çıxarır. İstidə sərinləmək üçün bol su içmək məsləhətdir. Hər bir
insanın gündəlik suya olan tələbatı 1,5-2 litrdir. Yatmazdan əvvəl isə
çox maye qəbul etmək düzgün deyil. Çünki maye daha çox tərləməyə səbəb
olur.
- Duş qəbul edin. Yatmazdan əvvəl ən çox 37 dərəcədə qəbul
edilən ilıq bir duş yatmağa kömək edər. Duşdan sonra otaq temperaturunda
yatırsınızsa, saçınız yaş qala bilər. Ən azından, bu, orqanizminizin
sərinləməsinə kömək edər. Lakin bu hal hər kəs üçün keçərli deyil.
-
Sərin örtüklərdən istifadə edin. Üstünüzü örtmək üçün sərin, yüngül,
yumşaq, tərlətməyən, pambıq örtüklərə üstünlük verin.
- İncə,
pambıq, təri üzərinə hopduran təbii parçalardan olan geyimlərə üstünlük
verin. Qara paltarlar geyməyin. Açıq rənglər psixoloji olaraq insanın
özünü daha sərin hiss etməsinə kömək edir.
- Baş, əl və ayaqları
sərin su ilə yaxalayın. Yatmağa gedərkən duş almaq imkanınız yoxdursa
baş, əl və ayaqlarınıza sərin su vurun. Yatarkən bədəninizin sərin
qalmasını istəyisinizsə, bu nahiyələri açıq qoyun. Çünki bu bölgələr
bədənin radiatorlarıdır.
- Su ilə dolu sprey qabı istiləndikcə
nəbzinizə fışqırtmaq sərinlik gətirər və rahat yatmanıza kömək edə
bilər.
- Üstünüzə örtmək üçün yüngül bir mələfəni torbaya qoyub
soyuducuya qoyun, sonra üzərinizə örtün və ya sərin su ilə nəmləndirin.
Ürək xəstəliyindən əziyyət çəkənlərə xüsusi
məsləhət
Havaların isti keçməsi xüsusilə ürək və qan
təzyiqindən əziyyət çəkənlərə pis təsir edir. Kardioloq Saleh Hüseynov
belə xəstələrin mümkün qədər günəş altına 10-16.00 arası çıxmamasını
məsləhət görür. Qızmar yay günlərində hər bir kəsin diqqət eləməli
olduğu bəzi şeylər var. Xüsusilə, ürək xəstəliyindən əziyyət çəkənlər
olduqları yeri havalı və sərin tutmalıdırlar. Gündə 2-3 dəfə duş qəbul
etmək, çoxlu maye içmək, ağır və yağlı yeməklərdən uzaq olmaq, rahat və
açıq rəngli paltarlar geyinmək, üzü tez-tez soyuq su ilə yumaq görüləcək
ilkin tədbirlərə aiddir. Ciddi xəstəliyi olanlar çox isti havalarda
həkim məsləhətlərinə qulaq asmalıdırlar. Təzyiq və ürək xəstələri
kardioloqun tövsiyəsi ilə dərman qəbul etməlidirlər. Çünki elə
preparatlar var ki, onların dozası vəziyyətdən asılı olaraq dəyişə
bilər.
Vüsalə Milli.Az
|