Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsi çərçivəsində icra olunan “Dostluq Kuboku” layihəsi yekunlaşıb. Layihə rəhbəri Hüseyn Hüseynovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, layihənin əsas məqsədi futzal idman növünün qaydalarını gənclər arasında maarifləndirmək, regionda bu oyun qaydalarının təbliği və gənclərin asudə vaxtlarının sağlam-səmərəli keçirilməsindən ibarət olub. Layihədə cənub bölgəsinin Biləsuvar, Cəlilabad və Masallı rayonlarının məktəblərində təhsil alan 10-11-ci sinif şagirdləri, həmçinin bu rayonlarda fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan gənclər iştirak edərək faydalanıblar.
Layihə öz işinə ilk növbədə idarə heyətinin təşkil olunması və könüllülərdən ibarət komandanın formalaşması işi ilə başlayıb. Bölgənin hər 3 rayonunda təbliğat və təşviqat işləri tamamlandıqdan sonra isə layihənin ikinci – praktik mərhələsinə start verilib.
Beləliklə hər 3 rayondan futzal komandaların “Dostluq Kuboku” futzal yarışına ərizələri qəbul olunub. Əvvəlcədən aparılmış təbliğat və təşviqat işlərinə uyğun olaraq bu yarışın da mahiyyəti gənclərə izah edilib.
Sonda ilk 2 yerə layiq görülmüş komandalar kubok, diplom, ket və idman formaları ilə mükafatlandırılıblar.
|