![](http://assets.gun.az/photos/inside_article/1343968942/77158.jpg)
Bobogil türbəsi Lerikin
ən tanınmış ziyarətgahıdır. Lerik rayon mədəniyyət və turizm şöbəsinin müdiri Aqil Sucayevin bildirdiyinə görə,
Lerikin 16, Lənkəran-Lerik şose yolunun 40 km-də yol üstündə olan bu türbə
zəmanəsinin böyük alimi Nizaməddin Əmir Şahsevər Gilani Kəskərinin adı
ilə bağlıdır.
Kəndin qocaman sakinləri deyir ki, alimin həyat və
fəaliyyəti dövrü XI əsrə aid edilir. Pirin olduğu ərazidə XV əsrə aid
qəbiristanlıq var.
Bir ehtimala görə, türbədə dəfn edilən şəxs VII
imam Museyi Kazımın nəvəsidir. O, İranın Gilan vilayətindəndir. Şah tərəfindən
oradan qovulduqdan sonra buraya yerləşib və ölüncə də eyni yerdə dəfn edilib.
Bobogil toponiminin mənası "Gilanlı Baba” kimi
izah edilir. Kəndin əvvəlki adı "Osonkəron” olub. Mənası "dəmirçi evləri”dir.
Çünki bu kənd sakinlərinin əsas məşğuliyyəti dəmirçilik olub.
Orta əsrlərin yadigarı olan bu müqəddəs məkan xeyriyyəçi
İslam Hacı Sadıq oğlu Kərimovun təşəbbüsü ilə inşaatçı Hacı Ağamirzə Hacı
Ataxan oğlu tərəfindən 1998-1999-cu illərdə bərpa edilərək türbə kimi
tikilib.
Onun sayəsində pir əsaslı təmir olundu,
dəstəmazxana, ziyarətçilər üçün istirahət yeri, qurban kəsimi üçün yer
düzəldildi, işıqlandırma sistemi quraşdırıldı, bulaqlardan su xətti çəkildi.
Bobogil pirinə ilin istənilən fəslində
ziyarətçilər gəlir. Dini bayramlarda, xüsusilə Məhərrəm ayında, Aşura
günlərində və Qurban bayramında qurbanlıqlar kəsilir.
Yerli sakinlərin söylədiyinə görə, ürəyində niyyət
edib qurbanlıq kəsənlərin, Bobogil türbəsində Allaha dua edənlərin bütün
istəkləri yerinə yetir.
|