![](http://www.livekuban.ru/files/imagecache/normal/paper/144726112012.jpg)
Biləsuvar. Ağəddin Babayev – APA. Azərbaycanın Biləsuvar şəhərində güclü yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsindən (YMH) APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə ötən gecə saat 22.00 radələrində şəhərin Heydər Əliyev prospektindəki ticarət mərkəzində baş verib. Məlumata görə, yanğın fərdi sahibkar, Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 1976-cı il təvəllüdlü Namiq Ağasən oğlu Mirzəzadəyə məxsus ikimərtəbəli ticarət mərkəzində qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə Biləsuvar YMH-nin texnikası və canlı qüvvəsi gəlib. Yanğın lokallaşdırılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, ticarət mərkəzinə böyük ziyan dəyib. Belə ki, ikimərtəbəli, 720 kv. metrlik obyektin birinci mərtəbəsinin lambirindən ibarət tavanı və içərisindəki məişət malları 334 kv.m sahədə tamamilə yanıb. Faktla bağlı araşdırma aparılır.
|