Biləsuvar və Lənkəran şəhərlərinin su
təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin
təməlqoyma mərasimi keçirilib. Bu barədə, "Azərsu” ASC-nin mətbuat
xidmətindən bildirilib. Mərasimdə iştirak edən ASC-nin sədri Qorxmaz
Hüseynov aparılan yenidənqurma işlərinin dövlət büdcəsi vəsaiti hesabına
həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, Prezident İlham
Əliyevin təsdiqlədiyi "Regionların sosial-iqtisadi inkişafı” Dövlət
Proqramının tərkib hissəsi olan bu layihələr üzrə işlər 2013-cü ildə
başa çatdırılacaq, bununla da istehlakçılar dayanıqlı və keyfiyyətli
içməli su ilə təchiz olunacaq. Q.Hüseynov qeyd edib ki, "Biləsuvar
şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması
layihəsi” əhali artımının 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 23
min nəfər üçün hesablanıb: "Layihəyə uyğun olaraq şəhərin su təchizatı
Kür çayından aparılacaq. Əhalinin dayanıqlı içməli su təminatı məqsədilə
7500 kubmetr həcmində su anbarı və nasos stansiyası tikiləcək. Şəhərdə
ümumi uzunluğu 120 kilometrə yaxın müxtəlif diametrli paylayıcı su
şəbəkəsi və 82 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq və
kanalizasiya nasos stansiyası inşa olunacaq. Yaranacaq çirkab suları
şəhərin kənarında tikiləcək məhsuldarlığı sutkada 10 min kubmetr olacaq
qurğuda təmizlənəcək”. Qurumun sədri layihə üzrə tikinti işlərinin 20 ay
ərzində başa çatdırılacağını diqqətə çatdırıb. Su təmizlənsə də, təbii mineral tərkibini qoruyur "Lənkəran
şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması
layihəsi”nin isə, əhali artımının 2035-ci ilə qədərki inkişafı nəzərə
alınmaqla 61 min nəfər üçün hesablandığını deyən Q.Hüseynov əhalini
standartlara uyğun su ilə təmin etmək məqsədilə layihədə yeni
texnologiyaya əsaslanan və məhsuldarlığı sutkada 30 min kubmetr olacaq
ultrasüzgəcli təmizləyici qurğunun inşa olunacağını bildirib. ASC sədri
dünya praktikasını misal çəkərək deyib ki, dünyada az bulanıqlı suların
təmizlənməsi üçün iqtisadi cəhətdən səmərəli və avtomatik idarə oluna
bilən ultrasüzgəcli qurğulardan istifadə olunur: "Ənənəvi qum
filtrlərindən fərqli olaraq, bu tip ultrasüzgəclər suyun tərkibindəki
0,01 mikron ölçüdən böyük hissəcikləri, suda olan bütün
zərərli mikrobları və bakteriyaları tutaraq saxlayır. Bununla da suyun
təbii mineral tərkibi saxlanmaqla, onun daha yaxşı təmizlənməsi,
xoşagəlməz iy və dadların aradan qaldırılması təmin edilir.
Ultrasüzgəcdən keçən su içməyə tam yararlı olur və emal zamanı onun
xlordan istifadə etməklə zərərsizləşdirilməsinə ehtiyac qalmır”. Mənbə
kimi Xanbulan dəryaçasından istifadə ediləcəyini deyən sədr bildirib ki, burada emal olunacaq su Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verəcəkdir. Q.Hüseynov
vurğulayıb ki, layihə çərçivəsində şəhərin dayanıqlı su təchizatının
aparılması üçün həcmi 15 min kubmetr olacaq su anbarı, nasos stansiaysı,
ümumi uzunluğu 200 kilometrə yaxın olan müxtəlif diametrli paylayıcı su
şəbəkəsi tikiləcəkdir. Onun sözlərinə görə, şəhərdə yaranacaq çirkab
suların toplanması üçün 180 kilometr uzunluğunda kanalizasiya
şəbəkəsinin yaradılması, 8 ədəd kanalizasiya nasos stansiyasının inşası
planlaşdırılır ki, bu da yaranacaq çirkab suların toplanaraq,
məhsuldarlığı sutkada 25 min kubmetr olacaq çirkab sutəmizləyici qurğuya
ötürülməsinə və burada təmizlənməsinə şərait yaradacaq. Layihə
üzrə tikinti işlərinin 22 ay ərzində başa çatdırılacağını deyən
Q.Hüseynov diqqətə çatdırıb ki, layihə çərçivəsində Xanbulandan
Lənkərana qədər magistral kəmərin keçəcəyi ərazidə yerləşən Xanbulan,
Bürcəli, Gərmətük, Sütəmurdov, Aşağı Nüvədi, Şilavar, Digah kəndləri də
içməli su ilə təmin olunacaq. Qeyd
edək ki, Biləsuvar şəhəri içməli su ilə Araz çayından ayrılan Əzizbəyov
adına kanaldan təmin olunur. Hazırda şəhərin su şəbəkəsinin uzunluğu 52
kilometrdir, kanalizasiya şəbəkəsi isə yoxdur. "Azərsu” ASC şəhər
əhalisinin 60 faizinə xidmət göstərir, qalan əhali isə suyu fərdi
qaydada kanallardan götürür. Lənkəran
şəhəri isə içməli su ilə Xanbulan dəryaçasından təmin olunur. Şəhərin
su şəbəkəsinin uzunluğu 92 kilometr, kanalizasiya şəbəkəsininsə 28
kilometrdir. ASC şəhər əhalisinin cəmi 11 faizinə xidmət göstərir.
Bunlar da əsasən bina evlərində yaşayanlardır. Əhalinin qalan 89 faizi
isə suyu fərdi qaydada quyulardan götürür. Asif CƏLALOĞLU
|