![](http://www.masalli-ih.gov.az/up/news/article/ishciler/copy_img_1081saytbashliq.jpg)
Bu gün Masallı Rayon İcra Hakimiyyətinin (RİH) iclas zalında 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə bayram tədbiri keçirilib.
APA-nın cənub bürosunun məlumatına görə, rayonun ictimai-siyasi həyatında fəal
iştirak edən dövlət, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə
çalışan, həmçinin ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınların
iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Masallı RİH-nin başçısı
Qəzənfər Ağayev iştirakçıları bayram münasibəti ilə təbrik edib. Natiq
Azərbaycan qadınlarının kişilərlə
çiyin-çiyinə ölkənin ictimai-siyasi həyatında fəal iştirakından
danışaraq, Böyük Vətən müharibəsi illərində, Qarabağ döyüşlərinin ən ön
səngərlərində onların böyük qəhrəmanlıq və fədakarlıq göstərdiyini qeyd edib.
1995-ci ildə isə Azərbaycanın da qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin
bütün formalarının aradan qaldırılması haqqında Beynəlxalq Konvensiyaya
qoşulduğundan bəhs edən icra başçısı qadınlarımızın ən yüksək dövlət
vəzifələrində çalışdığını bildirib.
Tədbirdə
Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin Masallı rayonu üzrə
nümayəndəsi Naibə Aslanova, veteran müəllim Ruqiyyə Məmmədova, "Halay” mahnı və
folklor ansamblının üzvü Arzu Quliyeva, YAP rayon təşkilatının sədr müavini
Aygün Quliyeva və başqaları da çıxışlarında respublikamızda və eləcə də Masallı
rayonunda qadınların yaşayış və əmək fəaliyyəti üçün yaradılan şəraitə görə
ölkə prezidentinə minnətdarlıqlarını çatdırıblar.
Sonda rayonun ictimai-siyasi
həyatında fəal iştirak edən bir qrup qadına Masallı RİH-nin fəxri fərmanları və
qiymətli hədiyyələri təqdim olunub.
|