Astara. Ağəddin Babayev –
APA. Astara Rayon İcra Hakimiyyəti (RİH) aparatında rayonda fəaliyyət göstərən
fermer təsərrüfatlarının rəhbərləri və sahibkarlarların problemlərinə həsr
olunmuş tədbir keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbiri
giriş sözü ilə açan RİH-nin başçısı Qəzənfər Ağayev ölkədə sosial-iqtisadi
inkişaf sahəsində əldə edilən yüksək nailiyyətlər barədə danışaraq, Astarada da
geniş abadlıq və quruculuq işlərinin aparıldığını, əkinçilik və heyvandarlığın
inkişafına mühüm diqqət yetirildiyini bildirməklə yanaşı, rayondakı
torpaqlardan daha səmərəli istifadə olunmasının vacibliyini də xüsusi qeyd edib.
Fermerlərdən Hacıbala
Fərziyev, Ədhəm Quliyev, Rafiq Əsədullayev, Tarif Hüseynov, Xaliddin Hüseynov,
Rafiq Cəfərov və başqaları rayonda fəaliyyət göstərən "Aqroservis” filialına yerli
şəraitə uyğun kənd təsərrüfatı texnikasının gətirilməsi, istehsal olunan
məhsullar üçün dövlət tərəfindən tədarük məntəqələrinin yaradılması, kollektiv
təsərrüfat formaları yaratmaqla istifadəsiz torpaqların becərilməsi, aqrolizinq
yolu ilə mineral gübrələrin verilməsi və Sahibkarlığa Kömək Milli Fondundan
güzəştli kreditlərin alınmasına köməklik göstərilməsi barədə təkliflərlə çıxış
ediblər.
RİH-nin başçısı söylənən
təkliflərlə əlaqədar "Aqrolizinq” ASC-nin Astara "Aqroservis” filialının rəhbərliyinə
və digər aidiyyəti şəxslərə konkret tapşırıqlar verərək, aqroservis
xidmətlərinin qiymətləri və Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli
kreditlərin verilməsi şərtləri barədə yerli qəzetdə materialların dərc
olunmasını tapşırıb.
|