Среда, 08.05.2024, 02:59
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Август » 2 » Mais Mənsimov: ”Yeni gələn futbolçular keyfiyyətcə daha səviyyəli olacaqlar”
19:47
Mais Mənsimov: ”Yeni gələn futbolçular keyfiyyətcə daha səviyyəli olacaqlar”


"Xəzər Lənkəran" Futbol Klubunun prezidenti Mais Mənsimovun müsahibəsini təqdim edirik
 
- Öncə "Xəzər Lənkəran”ın avrokuboklardakı çıxışını dəyərləndirərdiniz...
 
Bildiyiniz kimi, klubumuz yarandığı gündən ən yüksək hədəflər uğrunda vuruşan bir klubdur. Özünün 8 illik tarixində klubumuz 6 dəfə avrokuboklarda oynamaq hüququ qazanmışdır, lakin Avropada komandanın çıxışları nədənsə alınmırdı. Bunun səbəbləri çoxdur və hesab edirəm ki, hər kəsə məlumdur.
Keçən illərə nisbətən bu ilki çıxışımız mərhələ keçmək baxımından daha uğurlu oldu. Ancaq ilk mərhələdəki rəqibimizin səviyyəsinə, onun büdcəsinə nəzər saldıqda bizim onu keçməyə borclu olduğumuz məlum məsələ idi. "Nomme Kalyu” klubu ilə Lənkəranda keçirilən ilk oyunda əldə olunan nəticə heç də ürək açan olmadı. Ancaq cavab görüşündə komandamız inamlı qələbə qazanaraq sübut etdi ki, ilk oyunun nəticəsi bir səhv idi.
Şübhəsiz ki, ikinci mərhələdə görüşdüyümüz və bizə yaxşı tanış olan Poznan "Lex”i Tallinnin "Nomme Kalyu” klubundan daha ciddi rəqibdi. Onun gücünə Azərbaycanda kifayət qədər bələddirlər. "Lex”in Avrokuboklarda böyük təcrübəsi var, o hətta bu qitə miqyaslı turnirin qrup mərhələsində çıxış edib. Buna baxmayaraq "Lex”lə Lənkəranda baş tutan ilk oyunda hamı gördü ki, komandamız qələbəyə daha çox layiq idi. Məncə futbolçularımız rəqiblərindən üstün görünürdü. Hesab edirəm ki, Polşada keçirilən cavab oyununda da komandamızın çıxışı pis deyildi. Uşaqlar əzmkarlıqla vuruşdular lakin bəxtsizlikdən son nəticə etibarilə Avrokuboklarda mübarizələrini dayandırmalı oldular.
 
- Sizcə "Lex”i keçməyə nə mane oldu?
 
"Lex” Lənkərandakından güclü oynayırdı, çünki o, doğma meydanında möhtəşəm azarkeş dəstəyindən güc alırdı. "Lex”in 42 minlik stadionun yarısından çoxu dolu idi, və onun azarkeşləri bir saniyə olsun susmurdu, komandalarını qələbəyə səsləyirdi. Psixoloji cəhətdən bu amil futbolçularımıza da təsir etməyə bilməzdi çünki onlar həqiqətən güclü azarkeş təzyiqi ilə üzləşdilər.
Bundan başqa, bilirsiniz ki, komandamızın heyəti hələ ki tam formalaşmayıb. Bizim bir neçə mövqelərimizdə axsamalar var və transfer çalışmalarımız hələ ki bitməyib.
 
- Çoxları bunu lazımi transferlərin olmaması ilə izah edir. Baxışa xeyli oyunçu çağırılsa da, sonda heç biri saxlanılmadı. Komandanın 2-ci mərhələni keçməməsində oyunçu çatışmazlığının rolu olması ilə razısızmı?
 
Yalnız qismən. Bizim bu gün oturuşmuş mübariz bir heyətimiz var. Oyunçularımızın hər biri istənilən komandanı gücləndirə biləcək qüvvədədir. Ancaq eyni zamanda mən əminəm ki, bu oyun üçün heç olmasa bir yeni hücumçunu transfer etsəydik, nəticə fərqli ola bilərdi.
 
- Transferlər niyə alınmadı?
 
Bildiyiniz kimi, klubumuzun məşqçilər korpusu bu məsələ üstündə işləyir. Ancaq transfer yalnız transfer naminə olmamalıdır. Transfer nəticəsində komandamız sözün əsl mənasında say baxımından yox, keyfiyyət baxımından artmalıdır. Bizə gündə onlarla futbolçuların anketləri təqdim olunur. Ancaq həmin oyunçuların ya səviyyələri bizim istədiyimizdən aşağıdır, ya da onların istədikləri məvacib bizi qane etmir. Söhbət simiclikdən getmir. Sadəcə futbolçu istədiyi pulun qarşılığını verməlidir.
 
- Hər iki səfər oyununun yayını ilə bağlı son anadək qeyri-müəyyənlik olurdu. Sonda isə ümidlər gerçəkləşmirdi. Telekanallar klubun onlara kömək etməməsindən gileylənirdi...
 
Eşitdiyimə görə, deyirlər guya canlı yayının olmaması hansısa maddi problemlərdən irəli gəlir. Əslində isə keçirdiyimiz hər iki mərhələdə canlı yayının olmamasının səbəbini bizdə axtarmaq lazım deyil. Məsələn "Nomme Kalyu”ya qarşı səfər oyunu zamanı Estoniyada U-19 Avropa çempionatı keçirilirdi və bu səbəbdən həmin ölkənin bütün çəkiliş qrupları bu çempionat oyunlarının işıqlandırılması ilə məşğul idilər. O ki qaldı son səfər oyunumuza, sizə bildirmək istərdim ki, "Lex” klubu rəhbərliyinin həmin qarşılaşmanı canlı yayınlamaq niyyəti əvvəlcədən yox idi. Beləliklə hər iki halda gördüyünüz kimi, nə Estoniya, nə də Polşa telekanalları oyunu yayınlayıb. Yayınlasaydılar, onda biz də onlarla mütləq yayın siqnalının alınması ilə əlaqədar razılığa gələrdik. Ancaq siqnal olmayan yerdə nəyi yayınlayasan? Lakin buna baxmayaraq biz müəyyən məbləği ödəyərək yayın hüququnu əldə etdik və internet vasitəsilə son görüşü yayınladıq. Qeyd edim ki, həmin oyunu internet vasitəsilə 13 mindən çox insan izləyib.
 
- "Lex”lə matçdan sonra 3 futbolçunun transferə çıxarılmasına səbəb nə oldu? Bu baş məşqçinin istəyi idi, yoxsa sizin?
 
Klubumuzun nizamnaməsi var və bu nizamnaməyə əsasən bu cür məsələlər baş məşqçinin səlahiyyətlərinə daxildir. Bildiyiniz kimi, Rikardo Qomeş komandamıza keçmiş baş məşqçimiz Mirça Rednik tərəfindən gətirilmişdir, Rendal Brenes isə Cüneyt Biçerin zamanında klubumuza transfer olunub. Məsələ bundadır ki, indi bizim baş məşqçimiz Yunis Hüseynovdur, və əgər fikir vermisinizsə hazırda adı çəkilən futbolçular öz yerlərini əsas heyətdə bərkidə bilməyiblər və əksər vaxtlarını ehtiyat oyunçular skamyasında keçirirlər. Nadir hallarda məşqçi onları oyunun axırlarında meydana buraxa bilər. Məncə bu onunla bağlıdır ki, Brenes və Qomeş Yunis bəyin oyun sisteminə uyğun gəlmirlər.
O ki qaldı Kamran Ağayevlə vidalaşmağımıza, bu qərarın səbəbini Kamranın son oyunda buraxdığı səhvdə axtaranlar yanılırlar. Əslində bu qərarı qəbul edərkən ümumilikdə Kamranın son 1 il ərzində komandamızda çıxışları nəzərə alınıb.
 
- Çempionatın startına 1 həftə qalmış belə addımın atılması nə dərəcədə düzgündür? Onsuz da qısa oyunçular skamyası olan "Xəzər Lənkəran” qısa müddətdə heyətini komplektləşdirə biləcəkmi?
 
Biz futbolçu axtarışlarını dayandırmamışıq. Hazırda demək olar ki, bütün mövqelərə futbolçu axtarışı ilə məşğuluq. Biz heyətimizə cəlb etmək istədiyimiz futbolçulara qoyduğumuz tələblər yüksəkdir. Bu, futbolçunun tək yaxşı olmasına aid deyil, həm də onun yaşına, nizam-intizamına əhəmiyyət veririk. Ona görə də son bir ildə bağladığımız müqavilələr azı 2 ilə nəzərdə tutulub. Bunlar da hamısı keçən il qəbul olunan klubumuzun yeni transfer siyasətinə uyğun aparılır. Əsas məqsəd odur ki, "Xəzər Lənkəran”a gələn futbolçu fayda versin. Əmin etmək istəyirəm ki, yeni gələn futbolçular əvvəlkilərə nisbətən keyfiyyətcə daha səviyyəli olacaqlar. Klub məhz bu il tarixində ilk dəfə Avrokuboklarda mərhələ adlamağa müvəffəq olub. Bu da onu göstərir ki, klub son il ərzində apardığı daxili islahatlar artıq bəhrəsini verməkdədi.
 
- Ağayev bu qərarın sizin xəbəriniz olmadan verildiyini bildirib. Yəni bu qərar da sizə aiddir?
 
İnana bilmirəm ki, Kamran Ağayev bu cür qeyri ciddi açıqlama versin. Çünki hər bir heyət üzvü kimi Kamran da çox gözəl bilir ki, mənim rəyim olmadan klubda heç bir addım atılmır. Klubda çalışan hərkəsin işinə layiq olduğu qiyməti verən mənəm. Ümumiyyətlə son zamanlar kluba qarşı irimiqyaslı "qara piar” kampaniyası aparılır. Aydın məsələdir ki, klubumuzu istəməyənlər və onların əlaltıları doğma azarkeşlərimizlə klub arasında nifaq salmaq istəyirlər. Ancaq onlar heç vaxt bu arzularına çata bilməyəcəklər, çünki belə hallardan biz daha da güclənirik.
 
- Ağayevlə əvvəllər də problemlər olub. Onun komandadan getməsi tez-tez gündəmə gəlib. Lakin hər dəfə komandada saxlanılıb. Hətta Mirça Rednikin istefasında da onun bilərəkdən oynamaq istəmədiyi iddia olmurdu? Konkret "Neftçi”yə 0:5 hesablı məğlubiyyətdə onun özünü zədəli kimi göstərməsinin rolu olduğu haqda fikirlər səslənirdi...
 
Mən Ağayev məsələsində çox da geniş dayanmaq istəməzdim. Onu deyə bilərəm ki, olan olub, keçən keçib. Hər şeyin öz vaxtı var. Bunlar artıq "Xəzər Lənkəran”ın keçmiş tarixidir. Biz artıq irəli baxırıq. Vacibi odur ki, keçmiş səhvləri təkrarlamayaq. Kamran Ağayevə isə gələcək karyerasında uğurlar arzulayıram.
 
Просмотров: 202 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031