Вторник, 07.05.2024, 10:26
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Август » 1 » Gizli ölümün aşkar ağrıları – ARAŞDIRMA
12:23
Gizli ölümün aşkar ağrıları – ARAŞDIRMA


Dərdini gizlətməyə çalışan vərəm xəstələri kimə pislik edir?
"1950-ci illərin əvvəllərinədək vərəm xəstəliyi tam sağala bilməyən xəstəliklər siyahısında idi. Son 50-60 ildə isə elmi təbabətin sürətli inkişafı sayəsində bu xəstəliyə yoluxanların 95 faizə qədəri müasir müalicə üsulları ilə tam sağala bilir. Yerdə qalan 5 faizində isə tam sağalma mümkün olmur. Bunun isə səbəbləri çoxdur: yoxsulluq, normal qidalanmamaq, dərman təminatının yetərli olmaması, xəstənin həkim məsləhətinə ciddi əməl etməməsi, stiqma...”  

1 saylı Vərəm Dispanserinin baş həkimi, professor Yavər Şıxəliyevin sadaladığı bu səbəblər Azərbaycan üçün də xarakterikdir. Onun sözlərinə görə, bir sıra Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda bu xəstəliyin müalicəsi məcburidir. Ancaq vərəm daşıyıcısı olan xəstələr əksər hallarda ətrafdakıların ona münasibətinin dəyişəcəyindən qorxaraq xəstəliyini gizlətməyə çalışır. Bu isə nəticə etibarilə vərəmli xəstələrin qeydiyyatdan və həkim nəzarətindən yayınmasına gətirib çıxarır: "Bu, həmin xəstələr və onların yaxınları üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Ona görə də belə xəstələr heç nədən çəkinməməli, vaxtlı-vaxtında həkimə müraciət etməlidir”.

Hazırda Azərbaycanda təxminən 10 minə qədər vərəm xəstəsinin rəsmi qeydiyyatda olduğunu, üstəlik hər il 4000-5000 min yeni vərəmli xəstə qeydə alındığını deyən həmsöhbətimiz söyləyir ki, hələ də ölkəmizdə bu cür xəstələrin bir hissəsi vərəm daşıyıcısı olduğunu gizlədir. Məhz bunun nəticəsidir ki, xüsusilə Azərbaycanın regionlarında vərəm xəstəliyi olan vətəndaşların bir qismi qeydiyyata düşmək istəmir. Onun sözlərinə görə, aparılan tədqiqata əsasən, Azərbaycanda vərəm xəstəliyinə tutulma riski sosial yaşayış səviyyəsi aşağı olan ailələr arasında üstünlük təşkil edir. Bunların arasında vərəmdən əziyyət çəkənlər işsiz və kasıblıq həddində yaşayanlar daha çoxdur.

Vərəm xofunun ağrısı

Cəmiyyətdə, insanlar arasında aşkar sezilən vərəm xofunun ağrı-acısını yaşayanlardan biri də Muxtarovlar ailəsidir. Hazırda Bərdə rayonunda yaşayan Eldost Muxtarov vərəm xəstəliyindən əziyyət çəkən qardaşının dünyasını dəyişdiyinə hələ də inana bilmir. Deyir ki, cəmi 26 il yaşayan qardaşı vərəm xəstəsi kimi müvafiq tibb müəssisəsində qeydiyyatda olub. Ancaq Bərdədə xüsusiləşdirilmiş xəstəxana olmadığından stasionar qaydada müalicə alırmış: "Bizə yaxın ərazilərdə vərəm xəstələri üçün xüsusi xəstəxana yoxdur. Ona görə də qardaşım Bakıdakı 4 saylı Vərəm Əleyhinə Dispanserdə müalicə olunurdu. Amma bu xəstəxananın da nə düz-əməlli şəraiti, nə də savadlı həkimləri var. Tibbi xidmətin keyfiyyəti camaatı qane eləmədiyindən ora müraciət edənlər azdır”. 

Eldost Muxtarovun dediyinə görə, ağciyər xəstəliyindən əziyyət çəkənlər, xüsusilə də vərəm xəstələri xüsusi rejimdə, daim həkim nəzarətində olmalıdır. Belə xəstələrin dava-dərmana, həkimə ehtiyacı da çox olur. Onun qardaşı da ildə ən 3 və ya 4 dəfə ciddi müayinədən keçməli və müalicə olunmalıydı. Ancaq rayon xəstəxanalarında tibbi xidmətin səviyyəsi aşağı olduğundan hər dəfə Bakıdakı 4 saylı Vərəm Əleyhinə Dispanserə gəlməli olub.

"Axırıncı dəfə ölümündən bir neçə gün əvvəl yoxlanmaq üçün yenidən Bakıya apardım. Təxminən bir həftə Bakıdakı 4 saylı Vərəm Əleyhinə Dispanserdə müalicə olundu. Sonra həkimlər dedilər ki, lazımi müalicə olunub, götürüb apara bilərsiniz. Bir şərtlə ki, yazılan dərmanları vaxtlı-vaxtında qəbul eləsin. Onu da dedilər ki, qardaşımın bir müddət rayona getməməsi, Bakıdakı qohumların evində qalması daha məqsədəuyğundur. Çünki səhhətində qəfildən ağırlaşma olsa, tez həkimə çatdırmaq mümkün olsun. Amma qardaşım özü israr elədi ki, vəziyyəti yaxşıdır, Bakıda qalmaq istəmir. Rayona qayıtdıq, taksidən düşən kimi qardaşımın ağzından qan gəldi. Qəfildən vəziyyəti ağırlaşdı, heç 10 dəqiqə də çəkmədi, təcili yardım həkimləri gəlib çatmamış dünyasını dəyişdi” – Eldost qardaşının yas mərasiminə toplaşanlara belə danışır.

Ata-anasının da vaxtsız dünyasını dəyişdiyini, ailədə 3 qardaş və 2 bacının, necə deyərlər, yetimçiliklə böyüdüyünü ürəkağrısı ilə söyləyir Eldost. İndi isə cavan qardaşının ölümünün qarşısını ala bilmədiyinə görə özünü qınayır. Deyir ki, vərəmin öldürücü xəstəlik olduğu barədə çox eşitsə də, qardaşının xüsusi rejimdə, daim həkim nəzarəti altında olmasının vacibliyi haqqında o qədər də düşünməyib: "Qardaşımın vərəm xəstəsi olduğunu 5-6 il əvvəl ağır xəstələnəndə bilmişik. Ona qədər bir dəfə də olsun, özümüzü bu xəstəliyə qarşı yoxlanışdan keçirməmişik. Bəlkə nəticənin mənfi olacağından, ya qorxudan, bəlkə də həkimlərə inamsızlıqdan. Çünki anam xəstə olanda da dəfələrlə həkimə aparmışdıq, ancaq ciddi bir problemin olduğunu bizə deməmişdilər. Amma o da elə qardaşım kimi öldü. Vəziyyəti qəfildən ağırlaşdı, cəmi bir neçə gündən sonra dünyasını dəyişdi”.

Kasıbların xəstəliyi

Eldost Muxtarovun söylədikləri Azərbaycanda çoxlarına tanışdır, yüzlərlə insanın yaşadığı hadisələrdəndir. Bir gerçəklik də var ki, cəmiyyətimizdə vərəmə yoluxan insanlar ətrafdakı insanlar tərəfindən təcrid olunur, onlardan uzaqlaşırlar. Bu isə həmin xəstələrdə psixoloji cəhətdən sarsıntıya səbəb olur, müalicənin gedişinə mənfi təsir göstərir. Bəziləri hətta vərəm xəstəsi olduğu halda həkimə müraciət etməkdən çəkinir. Səbəb isə müxtəlifdir: həkimlərə inamsızlıq, tibbi xidmətlərin lazımi səviyyədə olmaması, maddi imkansızlıq, başqalarının bu cür xəstələrdən uzaq durmaq vərdişləri... Halbuki, bütün bunlar vərəm xəstəliyinin daha ağır formasının artmasına gətirib çıxara bilər. Necə ki, bütün dünyada və Azərbaycanda vərəmə yoluxma göstəriciləri artır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dünya ölkələrində vərəmin vəziyyəti ilə bağlı açıqladığı hesabatda deyilir ki, təkcə 2008-ci ildə dünyada 500 minə qədər adam vərəmə yoluxub. Həmin il 150 mindən çox vərəm daşıyıcısı dünyasını dəyişib. Təşkilatın hesablamalarına görə, hazırda dünyada 20 milyondan artıq vərəm xəstəsi var və bunların 7 milyonu açıq formalı vərəmdir. Hər il 3,5 milyon insan vərəmlə xəstələnir və 1 milyon insan vərəmdən ölür. Hər dəqiqə təxminən 2 insan vərəmdən dünyasını dəyişir.

Azərbaycan üçün də vərəmə yoluxma göstəriciləri narahatlıq yaradır. Rəsmi statistikaya əsasən, hazırda Azərbaycanda 8 minə yaxın vərəmli xəstə var. Dövlət Statistika Komitəsinin hesablamalarına görə, təkcə 2011-ci ildə 4836 nəfərə vərəm diaqnozu qoyulub. Vərəmdən müalicə olunan xəstələrin ümumi sayı isə 11505 nəfər təşkil edib. Ümumilikdə isə son illərin statistikası Azərbaycanda bu xəstəliklərdən əziyyət çəkənlərin sayının artdığını göstərir. Belə ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələrin sayı 2007-ci ildə 3713, 2008-ci ildə 4255, 2009-cu ildə 4401, 2010-cu ildə isə 4801 nəfər təşkil edib.

ÜST-ün hesabatında vərəmin əksər ölkələrdə geniş yayıldığı bildirilir. Azərbaycanın adı isə bu siyahıda ön sıralardadır. Ölkədə vərəmin geniş yayıldığı bildirilir. ÜST-nın ekspertləri şimali Avropa və Azərbaycanda vərəmin yayılmasının səbəbini bu xəstəlik və onun yeni növləri haqda məlumatın az olması ilə əlaqələndiriblər. Ancaq hesabatda o da qeyd olunub ki, bəzi Avropa ölkələri Azərbaycandan nümunə götürməlidirlər. Çünki Azərbaycanda əhalinin vərəm əleyhinə vaksinasiya istiqamətində böyük işlər görülüb.

Stiqmadan necə qurtulmalı?

Bununla belə, Azərbaycanda vərəm xəstələrinin sayının artdığını Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu da təsdiqləyir. İnstitutdan verilən məlumata görə, Azərbaycanda müasir tibbi avadanlıqlarının üsulu ilə vərəmə yoluxanların aşkarlanması hallarının sayı artıb. Ancaq son bir ildə vərəmə yoluxanlara dərman satışına qadağa qoyulması və vərəmə yoluxanların müalicə kursu keçmək üçün rayon dispanserinə müraciət etməyə məcbur olmaları ölkədə vərəmə yoluxanların sayını artırıb. Çünki əksər xəstələr dispanserə müraciət etmir, nəticədə xəstəlik ağırlaşar. 

Həkim-mütəxəssislər bildirirlər ki, vərəm xəstəliyi 100 faiz sağalan xəstəlikdir. Sadəcə vaxtında və ən azı 6 aylıq müalicə almaq lazımdır. Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, belə xəstələrin stiqmaya məruz qalması, yəni onların öz xəstəliklərini gizlətməsi və qeydiyyatdan yayınmaları bir növ normal sayıla bilər: "Çünki onlar ətrafdakıların vərəmli xəstələrdən qaçdığını bilir. Bu da təbiidir, sağlam insanlar özlərini vərəmə yoluxmaqdan qoruyur. Lakin vərəmli xəstələrdən qaçmaq, onlarla ünsiyyətdən yayınmaq düzgün deyil. Əksinə, hamı çalışmalıdır ki, onlar da tez sağalıb cəmiyyətdə yerini tutsun”.

Adil Qeybulla hesab edir ki, insan yalnız ağrı hiss etdiyi halda həkimə qaçmamalıdır. Xüsusən də vərəm xəstələri üçün müalicə kursu uzunmüddətli və davamlı olmalıdır. Onun sözlərinə görə, bu xəstəliyin spesifikası keyfiyyətli və uzunmüddətli müalicə, normal və sabit həyat şəraiti tələb edir: "Ancaq bunların heç biri normal deyil. Vərəm xəstəliyinə qarşı dərmanlar bahadır və bəziləri ümumiyyətlə, az tapılır. Ona görə də insanlar bu dərmanlardan lazımi səviyyədə istifadə edə bilmir və nəticədə ölüm halları artır”.

Vərəm xəstəliyi yaradan sosial amillərə gəlincə, Adil Qeybulla deyir ki, vərəmə qarşı ən yaxşı mübarizə üsullarından biri yaşayış tərzi və qidalanma faktoru ilə birbaşa bağlıdır. Həmçinin qapalı yerlərdə çalışan adamlarda xəstəliyə yoluxma riski yüksəkdir: "Statistika onu göstərir ki, sosial vəziyyəti aşağı olan ailələrdə, cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan məhbuslarda vərəmə yoluxma faizi daha yüksəkdir və bu fakt ətrafdakıların da xəstəliyə yoluxma riskini artırır”. 

Professor onu da bildirir ki, vərəm xəstələri üçün düzgün qidalanma əsas şərtdir. Həmçinin havanın təmizliyinin vərəmli xəstələr üçün əsas şərtlərdən olduğunu da unutmaq olmaz: "Lakin son illər aparılan intensiv tikinti işi ekologiyaya çox ciddi zərbə vurub. Təbii ki, bu da insanların səhhətinə təsirsiz ötüşmür”. 

1 saylı Vərəm Dispanserinin baş həkimi, tibb elmləri doktoru, professor Yavər Şıxəliyev isə bildirir ki, Azərbaycanda bu xəstəliyin müalicəsi məcburi qaydada həyata keçirilir. Onun sözlərinə görə, Azərbaycanda vərəmli xəstələr ümumi mərkəzləşmiş qaydada pulsuz ərzaq məhsulları ilə təmin olunur, stasionarlarda pulsuz şəkildə müalicə edilir, dərmanlar pulsuz verilir: "Vərəmli xəstələr üçün dərmanların satışı yığışdırılıb və dərmanları vərəm dispanserləri verir”.

Xatırladaq ki, mövcud qaydalara əsasən, vərəmli xəstələr pulsuz dərman və müalicə almaq kimi güzəştlərə malikdir. Lakin bunun üçün həmin xəstələr mütləq yerli dispanserlərdə rəsmi qeydiyyata alınmalıdır. Ekspertlər isə bildirirlər ki, bəzi hallarda xəstələr qeydiyyata alınmaq istəmir. Qeydiyyatda olanlar isə səhhətində bir qədər irəliləyiş hiss etdikdən sonra müalicəni dayandırır. Halbuki bu cür xəstələr ən azı 6-8 ay müddətində müalicəni fasilə vermədən davam etdirməlidir.

E.İsazadə
Просмотров: 280 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031