Понедельник, 06.05.2024, 14:15
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Январь » 23 » Astaradan Kamçatkaya təndir göndərənlər
13:59
Astaradan Kamçatkaya təndir göndərənlər


Bəlkə də indi yazacaqlarmızın bu mövzuya dəxli yoxdur, amma məcburam. İstəyirəm həm bir qədər dodağınız qaçsın, həm də görün bir ucu Kalininqraddan Vladivostoka, bir ucu Dərbənddən uzaq Yakutiyaya qədər səpələnmiş on minlərlə soydaşımızın başına nələr gələrmiş.
Deməli, hadisə vaqe olur hardasa 4-5 il əvvəl. Bakı-Samara avtobusu ilə Dağıstan sərhədini birtəhər, yalvar-yaxar, rüşvət və ona bənzər ənamlarla yola verib üz tuturuq "Urisiyet” tərəfə. Avtobusda 20-25 nəfər ola, ya olmaya. Hamısı da iri çantalarla, bağlamalarla "yüklənib”. Daha doğrusu avtobusu yükləyiblər.
Dağıstanın sonuncu məntəqəsi Koçubeyi keçib Artezian adlı kiçik bir kənddə istirahət etməli oluruq. Sürücü Elxan və qardaşı Bəhruz məhlə uşağı olduqlarından hərdən bir mən də onlara əl-ayaq verirdim. Yolda düşən müştəriləri yerbəyer edirdim, yüklərini baqaja yerləşdirirdim. Avtobusdakıların da hamısı elə bilirdi ki, üçümüz də sürücüyük. Ən yaxşı halda mən mexanikəm.

"Qağam deyib mənə təndirmizin külündən gətir”

Çörəyimizi yeyib, "ya Allah” deyib, yola düzəldik. Burdan o tərəfə Kalmık çölləri başlayırdı. Elxan kalmıkları nədənsə kitabsız, kafir adlandırırdı. Deyirdi ki, bütün dinlərin kitabları var, bircə bunlardan başqa. Bir qədər getməmiş avtobusumuzu saxlayandan sonra hər yerini ələk-vələk edirlər. Elxan hələ ürəyinə nəsə damıbmış kimi soruşdu da:
"Maşında özgə şey yoxdur?”

Hamı susdu. Demək heç nə yox idi. Daha doğrusu vardı. Şübhəli şey yox idi. Avtobusu Kalmıkiyanın paytaxtı Elistaya ayıran yolun kənarındakı postda saxlamışdılar. Əli avtomatlı iki nəfər Elxanı qırağa çəkib sənədlərini yoxladı. Hər şey qaydasındaydı. Avtomatlılardan biri avtobusun yan-yörəsinə keçə-keçə dilləndi:

- Hamısını yoxlamayacağıq. Özünüz seçmə üsulu ilə üç-dörd çantanı aşağı düşürün.

Heç kim dillənmədi. Mən yemək torbamı, Bəhruz isə qarşısına keçən iki çantanı aşağı düşürdü. Çantamdakı bir blok siqareti, bir yarısı yeyilmiş toyuq və yarı içilmiş arağı özümə qaytarıb, o biri çantaya baxdı. Orda da pal-paltar və pamperslər idi. Üçüncü çantanı da gözü yarı yoxladı… və birdən ürəyinə nə damdısa, əlini çantanın dibinə saldı. Təxminən 1 kiloluq bankanı çıxardıb içərisinə baxdı. Bankanın içində bozumtul toza, külə oxşayan maddə var idi.

- Bu nədir? (Söhbət təbii ki rusca gedir)

Bu dəfə Elxan soruşur:

- Nədi alə, bu?

Çantanın gədəbəyli sahibi özünü itirə-itirə dilləndi:

- Kül.

- Nə kül?!

Elxanın əsəbiləşdiyini görən əliavtomatlı bankanın içindəkini narkotik olduğunu zənn edib postdakıları çağırdı. Zavallını qandalladılar. Təxminən 40-45 yaşı olan bu bədbəxt Elxana yalvarmağa başladı:

- Elxan qardaş, vallah küldür, nə nəşə. Qağam Orenburqda yaşayır, mənə zəng elədi ki, bura gəlirsənsə təndirmizin külündən gətir, onun iyindən ötrü darıxmışam.

***

Açığı o, ağlayırdı, məni isə gülmək tutmuşdu. Onun növbəti sözləri isə bayaqdan zəncir gəmirən Elxanın da qarının tutub yerə yıxılmasına səbəbə oldu. Gədəbəyli qardaş sən demə təndir də aparırmış…

Biz postda hər şeyi onlara başa sala bildik. Düz dörd saata yaxın yubansaq da (çünki külü Elistaya ekspertizaya aparmışdılar) gülməkdən özümüzü saxlaya bilmirdik ki, bilmirdik.

Bu gədəbəyli oğlanın növbəti açıqlaması isə ümumiyyətlə bizi yerə yıxdı. Sən demə, onun əsas biznesi Rusiyaya, onun daha çox kompakt şəkildə yaşayan həmyerlilərimizə təndir daşımaq imiş. Dostumuz təndir biznesi ilə məşğul olurmuş. Təndiri isə haradan sifariş etsə yaxşıdır? Astaranın Pensər kəndindən. Deyir ki, burada hazırlanan təndirlərin keyfiyyətini heç bir yerin təndiri verə bilməz…


"Siz bu yolu düz gəlmisiniz. Oraya "Təndirçilər məhəlləsi” də deyirlər”

"Təndirçilər məhəlləsi”nə üzü Cəlilabaddan hansı taksiyə otursan səni düz ora aparacaq. Ara yollarla gedib həmin məhləni tapırıq. Daha doğrusu dostumuz Mirzəməmmədin köməkliyi ilə. Səhər saat səkkiz olmasına baxmayaraq təndirçilər çoxdan iş başındadırlar. Daha doğrusu baş təndirçi adlandırdığımız Aydın və oğulları.

Bu evlərin birində həyətdə işləyən gənc oğlandan usta Aydını soruşduq. Az keçmir ki, özü də gəlib çıxır. Yaşı bəlkə də 80-ni haqlayar, amma çox qıvraq qalıb.

"Bunlar satılıb”

Bizi həyətə dəvət edir. Xeyli yarımçıq işi var görünür, əlində. Hər tərəf də gildir, odundur, palçıqdır. Deyir, bu bir-iki təndirə baxmayın, evin arxası doludur.
Zarafatımdan qalmıram:

- Aydın dayı kolleksiya yğırsız bunlardan?

Gülür.

- Nə kolleksiya adə, bunlar hələ hazır deyil, artıq satılıb.

Gildən hörülmüş, hələ hazır olmayan təndirləri göstərərək yağışlı havadan gileylənir. Deyir ki, sifariş çoxdur, bunları yağışlı havada hazırlayıb. Hava isti olsa işi lap əla gedər. Babası 110 yaşında rəhmətə gedib. Bu sənəti də babasına onun babası öyrədib. Deyir, qızları, oğlanları, gəlinləri hamısı sənətkardırlar.

- Bu bizim ata-babamızın sənətidir. 4 övladım, 10 nəvəm, 1 nəticəm var. Onlar da təndirçi olacaq.

Usta Aydın deyir ki, təndirə çox ehtiyac var. Çünki təndirdə bişirilən çörək, eləcə də, balıq və toyuq ekoloji cəhətdən çox təmiz və olduqca dadlı olur. Təndir həm də yanacağı az aparır. Onun fikrincə, çörəkbişirmə sahəsində nə qədər yeniliklər olsa da, təndiri heç nə əvəz edə bilməz. O qeyd edir ki, Azərbaycanın bütün bölgələrindən təndir aparmaq üçün bu məhəlləyə gəlirlər.

Bu yerdə "Evləri köndələn yar” tamaşasındakı Surxayzadənin məşhur monoloqu yadıma düşür: "Təsadüfi deyil ki, uzaq-uzaq yerlərdən də məhzi Rasmicanın yanına gəlirlər, diş düzəltməyə”.

Hə sözün həqiqi mənasında hər ay Pensərdən Rusiyanın müxtəlif bölgələrinə 30-40 təndir aparlır.

- O gün ikisini Lənkəranlı uşaqlar apardı Moskvaya.

- Nəynən qatarla?

- "Samalyotla”. Mən təndiri elə düzəldirəm ki, özü açılıb-yığılır. Burda açıram, yığmağını öyrədirəm, orda da yığırlar. Əsasən öz restoranlarımız üçün aparırlar. Rus nə bilir təndir nədir?

- Niyə rus təndiri də məşhurdur axı?

- Pensərinkinə çatar Mizəməmmməd, bun ə deyir?

Mirzəməmməd də Aydın kişinin dediyini təsdiqləyir.

Aydın dayının dediyinə görə, Rusiyada Pensər təndirinə əsas tələbat Sverdlovsk və Norilskdədir: "Çünki orda talış çox yaşayır. Təndirdə təkcə çörək bişirmirlər axı? Ləvəngi də düzəldirlər. Lap tort da bişirmək olar. Hələ biri vardı Kamçatkadan təndir sifariş vermişdi. Göndərdim getdi. Elə burda da tələbat çoxdur. Gündə 30 təndir düzəltsəm otuzuna da müştəri var”.

Aydın dayı deyir ki, hazırda Pensərin Təndirçilər məhəlləsində 60-dan çox adam bununla məşğul olur.

- Allah hamısına çörək verir. Hamısı da dolanır.

Həmsöhbətimin dediyinə görə, yayda 40-60 ədəd təndir hazırlamaq olar.

- Amma zəhməti çoxdur, oğlum. Bax, o dağlardan gil gətiririk (Əlini Talış dağlarına uzadır - S.M.). Kiçik kuzalı traktor gili 20 manata gətirir. Bunun odunu var, fəhlə pulu var, palçığı da üstəgəl. Hər palçıqdan düzəlmir axı? Hesab elə ki, 7-8 təndir düzəltsəm, xərci çıxandan sonra özümə 3-ü qala, qalmaya.

Təndir necə düzəldilir?

Bəs təndir necə düzəldilir? Mütəxəssislər deyir ki, gili götürmək üçün torpağı 1-1.5 metr qazmalı olurlar: "Hər gildən təndir olmur. Qum qatırıq, ayaqlayırıq, yalın ayaqla qum gilə qarışana qədər. Ondan sonra başlayırıq iş görməyə. Qum, gil hazır olandan sonra bir təndir 2-3 saata hazırlanır. Gərək bir həftə qurusun”.

Bundan sonra təndir olur müştərilik. Aydın dayı deyir ki, təkcə təndir düzəltmir. Qaxdan, Balakənddən, eləcə də Gürcüstanın müxtəlif yerlərindən onun yanına küp üçün sifarişə gəlirlər.

- Onlar mənə deyirlər ki, sizin gildən hazırlanan küplərdə saxlanılan çaxırın dadı ləzzət olur.

Bizi təndir çörəyinə qonaq edir. Oranın təndir çörəyinin dadına baxandan sonra fikirləşdim ki, doğrudanmı biz burada, Bakıda çörək yeyirikmiş?... Dadından doymaq olmur. Sonra da vedrəyə oxşayan bir şey gətirir.

-Yeməyi də bunda hazırlayırıq. Bunda bişən quşun dadını heç nə verə bilməz.

Quşu gözləmirik. Həm də kişinin əlində işi var.

- Mirzəməmməd, bu qonağa bir şey vermək istəyirəm, götürər?

- O, şəhərdə yaşayır ay Aydın, təndir bağışlayacaqsan?

- Nə olsun ki, şəhərdə çörək yemirlər?

- Yeyirlər e, o təndiri hara qoyacaq.

- Ədə, birini yığım verim aparsın da, bəlkə lazımı olar, Budey, hazırı var.

Hər ikimiz gülürük.

Aydın dayı isə nəyə güldüyümüzü özü də başa düşmür…

Səbuhi Məmmədli
lent.az
Просмотров: 314 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031