Воскресенье, 28.04.2024, 20:58
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Декабрь » 11 » Abadlıq və quruculuğun yeni ünvanı: Lənkəran
15:10
Abadlıq və quruculuğun yeni ünvanı: Lənkəran

 


"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər)” və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər normativ sənədlərdə nəzərdə tutulmuş tədbirlərin müvəffəqiyyətlə icrası ölkəmizin həyatında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub. Ümummilli lider Heydər Əliyevin əsasını qoydu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu Azərbaycanı təkcə regionun lider dövlətinə deyil, həmçinin iqtisadi inkişaf tempinə görə dünyanın qabaqcıl ölkələrindən birinə çevirib.

 Bu gün dövlətimizin başçısı İlham Əliyevin xüsusi qayğısı ilə sürətlə inkişaf edən bölgələrdən biri də Lənkərandır. Abadlıq işlərinin vüsət aldığı, müasir şəhər infrastrukturunun formalaşdığı bu diyarda regional inkişafın ideal modelinin yarandığı göz önündədir. Azərbaycan Prezidentinin cənub bölgəsinə səfərlərinin birində söylədiyi fikirlərdə də bu, bir daha öz təsdiqini tapıb: "Lənkəran həmişə Azərbaycanın ən fəal bölgələrindən olmuşdur. Lənkəranlılar bütün dövrlərdə ölkəmizin hərtərəfli inkişafına öz töhfələrini vermişlər. Xüsusilə müstəqillik dövründə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində lənkəranlıların çox böyük rolu olmuşdur. Bölgənin inkişafının əhəmiyyəti bu gün göz qabağındadır və bu da müstəqilliyimizə əsl töhfədir”.

 Tarixdən yarpaqlar

Lənkəranın sayılıb-seçilən ağsaqqallarından olan Prezident təqaüdçüsü, əməkdar müəllim Hacı Mirhaşım Talışlının sözlərinə görə, bu qədim diyarın adına ilk dəfə məşhur yunan tarixçisi Herodotun məlumatlarında rast gəlinib. Strabon da öz əsərində Lənkəranın Boladi, Məcül, Büstər və Talışkənd kəndlərinin adını çəkib. Abbasqulu ağa Bakıxanovun "Gülüstani İrəm” kitabında isə Lənkəranın keçmiş adı Ləngərkünan kimi qələmə alınıb. Bəzi tədqiqatçıların fikrincə bu ad "ləngiyən yer” mənasını verir  ki, bu da bölgəyə yağıntının çox düşməsi səbəbindən müsafirlərin ləngiməsinə işarədir. Lənkəranın adını talış dilində "qamış evlər” ifadəsi ilə izah edənlər də az deyil. O da məlumdur ki, XVII əsrdən ta XX əsrin əvvəllərinə kimi Lənkərandakı evlərin dam örtüyü, bəzən divarları, hətta həyətlərin çəpərləri də qamışdan olub.

Lənkəran şəhərinin salınması tarixi isə hələ də özünün konkret təsdiqini tapmayıb. Bununla belə bəzi mənbələrdə XIX əsrin əvvəllərində şəhərin üç hissədən ibarət olması və mərkəzi sayılan Qala divarlarına söykənməsi fikri öz əksini tapıb. Məxəzlərə görə, Qalada Rusiya işğalından sonra hərbi qarnizon yerləşdirilib. XIX əsrin 30-cu illərində şəhərdə 441 ev və 440-a qədər təsərrüfat obyekti olub. Daha 20 il sonra isə burada evlərin sayı 833-ə çatıb. O zaman Lənkəranda küçələr neft çıraqları ilə işıqlandırılıb. İçməli su ilə şəhər quyular və Lənkərançay hesabına təchiz edilib. Şəhərə ilk su kəməri yalnız 1913-cü ildə çəkilib. Burada yerli əhali ilə yanaşı, ruslar, polyaklar, yəhudilər və başqa millətlərin nümayəndələri də yaşayıb. 1841-ci il yanvarın 1-dən Lənkəranda xüsusi şəhər polis idarəsi yaradılıb. XIX-XX əsrlərin qovşağında isə şəhər bələdiyyə idarəsi (Duması) təşkil edilib. İqtisadiyyatın əsasında sənətkarlıq dayanıb, sonralar burada balıqçılıq və meşə materialları istehsalı da sənaye xarakteri alıb. Kənd təsərrüfatında isə çəltikçilik üstünlük təşkil edib. XIX əsrdə Lənkəranda ilk dəfə şəhərsalmanın planlaşdırılması işinə başlanıb. O vaxt şəhərdə məscid və 117 dükandan ibarət iki bazar fəaliyyət göstərib. Bir müddət sonra Qala meydanı ərazisinin mənimsənilməsi sayəsində cənub və şimal bayır şəhərləri müəyyən qədər bütöv qalıb və şəhərdə Qala, Böyük bazar, Kiçik bazar və Sütəmurdov kimi dörd tarixi bölgü yaranıb.

 

 Bu günü füsunkar,  sabahı daha yaraşıqlı

Məşhur rus şairi Nikolay Tixonovun məftunluqla "Cənub mirvarisi” adlandırdığı Lənkəranda hazırda beynəlxalq hava limanı, mədəniyyət abidələri, universitet, 2 texnikum, dram teatrı, olimpiya idman kompleksi, Avropa yarışlarında çıxış edən futbol komandası, regional televiziya kanalı, rəssamlıq məktəbi və s. obyektlər fəaliyyət göstərir. Bu aqrar-sənaye rayonu tərəvəz və çay istehsalına görə respublikada birinci yerdədir. Rayonda balıqçılıq, meyvəçilik və sitrus bağçılığı da inkişaf edib. Burada tərəvəz emalı və konserv müəssisələri, tikiş və mebel fabrikləri, balıq kombinatı, çörək, kərpic zavodları, süd emalı müəssisəsi və çay fabrikləri işləyir. Ayrı-ayrı nazirlik və komitələrin ərazi idarələri, regional müalicə-diaqnostika mərkəzi, uşaq sağlamlıq mərkəzi, əlillərin regional bərpa mərkəzi, "ulduzlu” otellər Lənkəranı bölgənin mərkəzi kimi xarakterizə etməklə, bu günü füsunkar olan qədim diyarın sabahının daha cazibədar, yaraşıqlı olacağından, yerli əhalinin iqtisadi durumunun daha da yaxşılaşacağından  xəbər verir.

 

 Hər sahədə yeni artım, yeni uğur

Yola salmağa cəmi bir aydan da az qalan 2011-ci il şübhə yoxdur ki, Lənkəranın tarixinə quruculuq və tərəqqi ili kimi daxil olacaq. Bunu Şəhər İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Rüstəm Qurbanovun sadaladığı faktlardan da aydın görmək mümkündür.  Rüstəm müüəllim ölkədə  həyata  keçirilən  islahatların  Lənkəran rayonunun  sosial-iqtisadi  inkişafına  müsbət  təsir  göstərdiyini, cari ilin  9  ayında  1077 yeni    yerinin açıldığını və onlardan  da 760-nın  daimi olduğunu bildirdi. Mövcud  əmək    iqtisadi  ehtiyatlardan  səmərəli istifadə  olunması  rayonda  iqtisadiyyatın  dinamik  inkişafına  imkan  yaradıb. Belə  ki,  2011-ci ilin  9 ayında   rayon  üzrə  ümumi  məhsul  buraxılışı 14,1  faiz  artaraq 182,9  milyon  manat  təşkil  edib.  Sənayedə  16,2 milyon  manatlıq    ya  ötən  ilin  müvafiq  dövrünə  nisbətən  2,3 dəfə  çox  məhsul  istehsal  olunub. Sənayenin  qeyri-dövlət  sektorunda  istehsalın  həcmi  2,8 dəfə  artaraq  xüsusi  çəkisi  79,2   faizə  çatıb.

Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi 33  milyon manat olub. Bu dövrdə əhalinin şəxsi vəsaiti hesabına ümumi sahəsi 42,1 min kvadrat-metr olan yeni yaşayış evləri tikilərək istifadəyə verilib və  fərdi  mənzil  tikintisi  5,4  faiz  artıb.

Aqrar  bölmədə aparılan  islahatlar  istehsalın  axarını  müsbət  istiqamətə yönəldib.  Mövsüm  ərzində 3129  ton taxıl, 7112  ton  kartof, 123049  ton  tərəvəz  istehsal olunub    114,4  ton  yaşıl  çay  yarpağı  toplanıb.

Keçən  ilin  müvafiq  dövrü  ilə  müqayisədə  iribuynuzlu  mal-qaranın  sayı  2,1  faiz  çoxalıb,  diri  çəkidə   ət  istehsalı  10,7  faiz,  süd  istehsalı  3,4  faiz,  yumurta  istehsalı  1,1  faiz  artıb. Istehsalın  artımı  sahibkarların  maliyyə  təminatının  yaxşılaşdırılması  hesabına  baş  verib. Ötən  9  ayda    sahibkarlara,    adamları   vətəndaşlara  banklar  tərəfindən  31,5 milyon  manat  kredit  verilib.

İcra başçısı müavininin sözlərinə görə,  rayonun sosial-iqtisadi inkişafı ilə əlaqədar 2012-ci  ildə də qarşıda  bir  sıra  həlli  vacib  məsələlər  durub.  Bu  işlərin  bir  qismi  "Regionların  2009-2013-cü  illərə  aid  sosial-iqtisadi  inkişafına dair  2-ci  Dövlət  Proqramı”nda  öz  əksini  tapıb. Belə  ki, "Lənkəran” sanatoriyasının, şəhərin  su-kanalizasiya  sisteminin,  Bakı-Astara  magistral  yolunun  Lənkəran  hissəsinin, bir  sıra  kəndara    kənd  daxili  yollarının  yenidən  qurulması, şəhər  8  saylı   orta  məktəbi  üçün  yeni  binanın  tikintisi,  yeni  poçt    tibb  məntəqələrinin  inşa  edilməsi, bir  sıra  yaşayış  məntəqələrində,  xüsusi  ilə  ucqar  dağ  kəndlərində  köhnəlmiş  elektrik  avadanlıqlarının  yenidən  qurulması  nəzərdə  tutulan layihələrdəndir.

 

 2013-cü ildə Lənkəran tamamilə

 təbii qazla təchiz olunacaq

Lənkəran Rayon Qaz İstismar Sahəsinin (QİS) rəisi Xalid Rzayevdən aldığımız məlumata görə, son bir neçə ildə rayonda iri miqyaslı qazlaşma işləri aparılıb və əvvəllər qazdan istifadə etmiş bir neçə yaşayış məntəqəsinin qaz təchizatı bərpa  olunub. Hazırda rayonun Aşağı Nüvədi, Kənarmeşə, Seydəkaran, Tütəpeştə, Viyən, Cil və Boladı kəndlərinin də təbii qazla təchizatı üçün tikinti-quraşdırma işləri davam etdirilir.

Bundan başqa Gərmətük, Kosalar, Velədi, Hirkan, Bürcəli, Parakənd və Xanbulan kəndlərinin də qazlaşdırılması üçün "Azəriqaz” İstehsalat Birliyinin Lahiyə Konstruktor Bürosu tərəfindən layihələr hazırlanır.

Həmçinin şəhərin bir sıra məktəblərində qazanxana sistemlərinin təbii qazla işləməsi üçün lazımi texniki tədbirlər həyata keçirilib. Nəticədə şəhərdəki 1,3,5,9 və 10 nömrəli orta məktəblərin qazanxanaları təbii qazla təmin edilərək istismara verilib.

Bir sözlə, 2013-cü ildə Lənkəran rayonu tamamilə təbii qazla təchiz olunacaq.

 

Bura həm də turizm mərkəzidir

Lənkəran rayonunun ərazisi bir tərəfdən Xəzər dənizi, digər tərəfdən Talış dağları ilə əhatə olunub. Bu əlverişli coğrafi şərait rayonda turizmin inkişafı üçün münbit zəmin yaradıb. 2011-ci  ilin  Azərbaycanda  "Turizm   İli”  elan  olunması  ilə  əlaqədar Lənkəranın  turizm  obyektlərində  monitorinq  keçirilib,  bu  müəssisələrdəki   xidmətin  səviyyəsinin  yüksəldilməsi  üçün müvafiq tədbirlər  görülüb. Şəhərdə  16  nəfərlik  "Xan-Lənkəran”  oteli,  Sütəmurdov  kəndində  "Palmalife” Turizm  İstirahət  Kompleksi  tikilərək istifadəyə verilib. Hazırda  "Starway”,  "Şah” şadlıq  saraylarının  və digər otellərin  tikintisi  isə davam  etdirilir. Görülən  tədbirlər nəticəsində rayona  gələn  turistlərin  sayı  artıb.  Şəhər Mədəniyyət və Turizm Şöbəsindən verilən məlumata görə, bu il  rayona  10 mindən  çox  turist  gəlib.  Turizm  ili  çərçivəsində  Bakı  şəhərində  təşkil  olunmuş  el  sənətkarlığı  nümunələri  sərgisində  respublikada  ilk  dəfə  olaraq  rayonun milli  suvinerləri  nümayiş  olunub  ki, bu  da sərginin  təşkilatçıları    qonaqlar  tərəfindən  böyük  maraqla  qarşılanıb.  Fərəhlidir ki, turizmin  inkişafı  hesabına  yaranan infrastruktur    xidmət  sahələri  rayonda həm də məşğulluq  probleminin  həllinə  kömək  olub.

 

Gənclər fəal həyat mövqeyində 

Lənkəranda gənclərlə iş, onların fiziki və mənəvi yüksəlişinin təmin olunması istiqamətində də əməli işlər həyata keçirilir. Şəhər Gənclər    İdman  İdarəsi  tərəfindən   Azərbaycan  Respublikası  Prezidentinin  sərəncamı  ilə  təsdiq  edilmiş  "Azərbaycan  gəncliyi  2011-2015-ci  illərdə”  Dövlət  Proqramının  icrası  istiqamətində  müvafiq tədbirlər planı müəyyənləşdirilib.

Gənclərin hərbi-vətənpərvərlik, vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, onların hərbi xidmətə hazırlanması, əsgər həyatı ilə yaxından tanış olması, Vətənə, xalqa, məhəbbət ruhunun yüksəldilməsi məqsədilə "Şahin” və "Sərhəd” hərbi idman oyunlarının rayon birinciliyi yarışları keçirilib, qaliblər zona və respublika yarışlarında uğurlu nəticələr qazanıblar.  "Gələcəyin əsgəri”, "Sərhəddən başlanır Vətən” adı altında gənclərin hərbi hissələrə və iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ev-muzeyinə ekskursiyaları təşkil edilib. 2 fevral Gənclər günü və 26 iyun Silahlı Qüvvələr günü münasibətilə "N” saylı hərbi hissədə əsgərlər üçün bayram şənlikləri keçirilib.

 Gənclərin Vətənə məhəbbət ruhunda tərbiyə edilməsi məqsədilə tarixi hadisələrin qeyd edilməsi və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün müəyyən tarixi günlərdə dəyirmi masalar, konfranslar, məktəblilərlə görüşlər təşkil olunub. "26 fevral 1992-ci il Xocalı faciəsinə biganə qalmayın! Elektron-post kampaniyasına sən də qoşul!” şüarı ilə ilk dəfə lənkəranlı gənclərin iştirakı ilə internet aksiyası keçirilib. Aksiyaya qoşulan minlərlə lənkəranlı gənc Xocalı faciəsi ilə bağlı həqiqətləri ABŞ senatorlarına, konqresmenlərinə, dünyanın aparıcı televiziya və qəzetlərinə, Avropa Birliyinə, müxtəlif ölkələrin səfirliklərinə və konsulluqlarına çatdırmaq üçün fəal iş aparıb.

 Azərbaycanın folklor paytaxtı

 

Ölkəmizin qeyri-maddi mədəni irsinin təbliği məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qəbul olunan "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramına əsasən, Lənkəran 2011-ci ildə "Azərbaycanın folklor paytaxtı” elan edilib. Bu əlamətdar hadisə münasibətilə  il ərzində rayonun ayrı-ayrı mədəniyyət müəssisələrində konfrans, dəyirmi masa, konsert, müsabiqə, festival, sərgi və s. keçirilib. Bu tədbirlərdən "Tarixin canlı şahidləri” - qocaman el sənətkarları ilə görüşlər, "Bayatı axşamları” adlı folklor gecəsi, "Nənələr və nəvələr” folklor gecəsi, Lənkəran mətbəxi festivalı daha yaddaqalan olub.

Lənkəran Rayon Mədəniyyət və Turizm Şöbəsindən verilən məlumata görə, "Folklor paytaxtı” proqramı çərçivəsində şəhərin Heydər Əliyev parkında rayonun folkloru, adət ənənələri, milli mətbəxi, el sənətkarlıq nümunələri və s. nümayiş etdirilib.

Tədbirlər planına uyğun olaraq tətbiqi sənət ustalarının əl işlərinin sərgisi də maraqla qarşılanıb. Sərgidə el sənətkarlarının əl işləri - dulusçuluq nümunələri, həsirlər və s. nümayiş olunub. Tədbirin bədii hissəsində Separadi kənd mədəniyyət evinin "Nənələr” folklor mahnı və rəqs kollektivi və Girdəni kənd mədəniyyət evinin "Vənəvşə” folklor rəqs kollektivi, C.Cabbarlı və H.Rzayeva adına uşaq musiqi məktəblərinin muğam ifaçıları rəngarəng  konsert proqramı ilə çıxış ediblər. Bundan başqa, Lənkəran uşaq rəssamlıq məktəbində "Folklorumuz və adətlərimiz uşaqların gözü ilə” adı altında keçirilən sərgidə uşaq rəssamlıq məktəbinin və eləcə də Lənkəran uşaq yaradıcılıq mərkəzi şagirdlərinin milli folklorumuza, adət-ənənələrimizə həsr olunmuş rəsm işləri nümayiş olunub.

Lənkəranın "Folklor paytaxtı” elan edilməsi ilə bağlı reallaşan tədbirlər sırasında Kitab bayramı daha zəngin təəssürat doğurub.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88 illiyi münasibətilə təşkil edilən IV Ümumrespublika ənənəvi kitab bayramında müxtəlif sərgilərlə yanaşı, xalq tətbiqi sənəti ustalarının əl işlərindən ibarət sərgi də təqdim olunub.

"Folklor paytaxtı” proqramı çərçivəsində daha bir tədbir açıq havada keçirilən  "Folklor axşamı” mərasimi olub. Tədbirdə rayonun Separadi kənd mədəniyyət evinin "Bacılar” talış folklor mahnı və rəqs kollektivi qədimdə Lənkəranda ifa olunan mahnıları, qocaman mədəniyyət işçisi, el sənətkarı Surxay Əliyev isə qədim nəfəsli alətdə maraqlı musiqi nömrələri ifa ediblər. Tədbir çərçivəsində həmçinin el sənətkarlığı nümunələri də nümayiş olunub.

İlin sonuna qədər "Azərbaycanın folklor paytaxtı”nda bu səpkidə tədbirlərin davam etdirilməsi xalqımızın şifahi xalq ədəbiyyatının, adət və ənənələrimizin təbliği işinə mühüm töhfə olacaq.

Bəli, Lənkəran tikilir, qurulur, yeni layihələrin icrasına başlanılır və hər bir tədbir, atılan addım rayon sakinlərinin həyat səviyyəsinin yüksəlməsinə və şəhərin müasirləşməsinə səbəb olur. Prezident İlham Əliyevin lənkəranlılarla görüşü zamanı söylədikləri bu fikirlər dediklərimizə əyani sübutdur: "Əgər bizim iqtisadi gücümüz olmasaydı, bu gün Azərbaycanda geniş quruculuq-abadlıq işlərini aparmaq mümkün olmazdı. Lənkəranın timsalında bu çox aydın görünür. Mən həmişə demişəm, hər bir bölgənin inkişafı bütövlükdə ölkənin inkişafı deməkdir, hər rayonun, kəndin problemlərinin həlli bütünlükdə ölkədə mövcud problemlərin həlli deməkdir. Biz hamımız çalışmalıyıq ki, doğma vətənimizi daha da möhkəmləndirək, gücləndirək, zənginləşdirək”.

 

Ağaddin BABAYEV

Просмотров: 337 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Декабрь 2011  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031